AZ

Dünyanın taleyi Ər-Riyadda həll olunacaq – “Qartal” və “Ayı” “yeni xəritə” cızır

Donald Trampın prezident seçildikdən sonra Vladimir Putinlə ilk görüşü beynəlxalq ictimaiyyətin diqqətindədir. 

Qeyd edək ki, iki ölkə lideri arasında ilk telefon danışığı fevralın 12-də olub. ABŞ və Rusiya prezidentləri telefon danışığında şəxsi görüşün təşkili barədə razılığa gəliblər. Putin Trampla razılaşıb ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq mümkündür.

Xatırladaq ki, fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətlərinin 2022-ci ilin fevralından bəri ilk görüşü baş tutub. Onlar digər məsələlərlə yanaşı, ikitərəfli münasibətlərin bərpasını və Ukrayna münaqişəsinin həlli üçün danışıqlar qruplarının yaradılmasını müzakirə ediblər. Fevralın 27-də iki ölkənin diplomatları İstanbulda görüşüblər və bunun ardınca ABŞ Aleksandr Darçiyevin Rusiyanın Vaşinqtondakı səfiri təyin edilməsinə razılıq verib.

Olaylar.az xəbər verir ki, Globalinfo.az mövzu ilə bağlı "PolitRus" informasiya-analitik portalının rəhbəri Vitali Arkovdan müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

- Donald Trampın prezidentliyi dövründə və Ukrayna müharibəsi fonunda Rusiya ilə ABŞ-ın yaxınlaşmasını necə şərh edərdiniz? Bu, dünya və region üçün nə vəd edir?

- Donald Tramp realist, praqmatik, bir qədər də kobud biznesmen və siyasətçidir. Yaşına baxmayaraq, o, yeni dövrün təcəssümüdür. Tramp Cozef Baydenin mövcud dünya nizamını 70-ci illərin Soyuq Müharibə dövrünə uyğun formalaşdırmaq cəhdinin qatı əleyhdarıdır. Siyasət intriqa və aldatma ilə xarakterizə olunur, lakin Tramp ABŞ-ın beynəlxalq ictimaiyyətin digər üzvləri ilə münasibətlərini biznes prinsipləri əsasında qurmağa çalışır, hətta rəqibləri və düşmənləri də tərəfdaşa çevirir. Danışıqlar nə qədər çətin keçsə də, sonda tərəflər əl sıxıb sənəd imzalasalar, hamı öz öhdəliklərinə ciddi şəkildə əməl etməlidir.

Yeri gəlmişkən, bu yanaşmanı Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevə də şamil etmək olar. Ermənistanın baş naziri Nikol Paşinyan isə əbəs yerə deyil ki, Avropa İttifaqına daxil olmağa can atır və Fransa Prezidenti Emmanuel Makronla dostluq münasibətlərini qoruyur. Avropa siyasətçilərinə ikiüzlülük, beynəlxalq sənədlərə fərdi prizmadan yanaşma və yalan xasdır. Fransa və Almaniyanın keçmiş liderlərinin Minsk sülh sazişinin Ukraynanın silahlandırılması, öz müqəddəratını təyinetmə hüququndan istifadə edən və Rusiya ilə tarixən dərin əlaqələri bərpa etmək qərarına gələn Krıma və Donbasa qarşı yeni müharibəyə hazırlaşması məqsədilə vaxt qazanmaq üçün gərəkdiyinə dair etiraflarını xatırlatmaq kifayətdir.

Bu gün biz bir daha görürük ki, avropalı siyasətçilər ABŞ, Çin, Türkiyə və Macarıstanın sülh təşəbbüslərini dəstəkləmək əvəzinə, canfəşanlıqla Ukraynada hərbi münaqişəni davam etdirmək üçün fürsət axtarırlar. Çünki birincisi, onlar öz məqsədlərinə hələ nail olmayıblar, ikincisi, bu yolla Vaşinqtona və bütün dünyaya Avropada kimin ev sahibi olduğunu göstərməyə çalışırlar.

- Ağ Ev və Kremldə Trampla Putinin görüşünə ciddi hazırlıq gedir. Görüşdən gözləntiləriniz nədir?

- Ukrayna münaqişəsinin həlli ilə yanaşı, əsas gündəm yeni dünya düzəninin formalaşmasıdır. Ona görə də təsadüfi deyil ki, Ər-Riyadda elan olunmuş görüşü 1945-ci ilin məşhur Yalta konfransı ilə müqayisə edirlər. Və belə bir hadisənin İkinci Dünya Müharibəsində ümumi qələbənin 80-ci ildönümündə baş tutması çox rəmzidir. Xəritədə nüfuz zonalarının çizilməsi və əsas qlobal qütblər arasında maraqların əlaqələndirilməsi üçün vaxt çoxdan yetişib. Ukrayna münaqişəsi bu ehtiyacı daha da artırdı və həmçinin böyük Avropanı (Avropa İttifaqı, Britaniya və Aİ-yə daxil olmayan digər ölkələr) bu danışıqlardan kənarlaşdırdı. Və Səudiyyə Ərəbistanının paytaxtında danışıqlar masası arxasında Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp olsa da, Rusiya liderinin sammit ərəfəsində əsas istiqamətlər üzrə ortaq mövqeyi müzakirə etdiyi Çin Xalq Respublikasının Sədri Si Cinpin də dolayı yolla orada iştirak etmiş olacaq. Mayın 9-da hər üçünün Qırmızı Meydanda toplaşması tamamilə mümkündür. Məlumdur ki, Si Cinpin artıq mərasimdə iştirak edəcəyini bəyan edib və prezident Tramp Putinin Moskvaya yenidən səfər etmək dəvətini məmnuniyyətlə qəbul edib.

vitali

Vitali Arkov

- Türkiyənin Ukrayna müharibəsində vasitəçiliyini necə qiymətləndirirsiniz?

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2022-ci ilin yazındakı sülh təşəbbüsləri İstanbulda danışıqlar prosesinin başlamasına imkan verdi. Bildiyimiz kimi, o zaman Moskva və Kiyev qan tökülməsini dayandırmağa və onun yenidən başlanmasının qarşısını almağa imkan verən sənədi hazırlamağa müvəffəq oldular. Lakin Ukrayna tərəfinin danışıq iştirakçıları sonradan etiraf etdi ki, onlara avropalı "tərəfdaşlar" - xüsusən də Böyük Britaniyanın baş naziri Boris Conson təzyiq göstərib və sülh müqaviləsinin imzalanması pozulub.

Buna baxmayaraq, Ankara Kiyevi Moskva ilə danışıqlar masası arxasına qaytarmaq cəhdlərindən əl çəkməyib. Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın sülhməramlı səylərini və Ukrayna münaqişəsinin həlli üçün təklif etdiyi variantları dəfələrlə yüksək qiymətləndirib. Moskva həmçinin Brüsselin böyük təzyiqlərinə baxmayaraq, anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina etdiyinə görə Ankaraya və dost Bakıya dəfələrlə minnətdarlığını bildirib.

Aydındır ki, Türkiyənin Ukraynada hücum PUA-ları istehsal edən "Baykar" zavodunun tikintisini gecikdirməsi Prezident Ərdoğanın hərbi münaqişəni tez bir zamanda bitirmək istəyi ilə bağlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr