AZ

Yevlaxda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib



Yevlax Şəhər İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilmişdir.

Newscenter.az xəbər verir ki, “Dədə Qorqud” parkında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, gənclər və idmançılar iştirak ediblər.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tədbir iştirakçılarını salamlayaraq bildirmişdir ki, hər il mart ayının 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən təsis edilib. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün mart ayının 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib. Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib.

Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində, o cümlədən Yevlaxda da müasir idman qurğuları tikilir, idman mərkəzləri uğurla fəaliyyət göstərir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır. Ölkə Başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər bir bölgəsində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin dünya miqyaslı yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir.

Keçirilən idman tədbirində müxtəlif idman növləri üzrə, müxtəlif çəki dərəcələrində fəaliyyət göstərən, ölkə və dünya səviyyəli yarışlarda iştirak etmiş idmançılar öz bacarıqlarını nümayiş etdirmişlər.

Sonda bir qrup Yevlaxdan olan idmançı Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilmişdir.

Süleyman
Seçilən
24
newscenter.az

1Mənbələr