AZ

Juja Keçkeş: “TDT ölkələrinin gömrük xidmətlərinin rəhbərləri ilk dəfə Budapeştdə görüşəcəklər"

Bu il aprelin 14-17-də Budapeştdə ilk dəfə olaraq Türkdilli Dövlətlər Təşkilatına (TDT) üzv ölkələrin gömrük xidmətləri rəhbərlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Bu barədə "Report"a Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının Beynəlxalq münasibətlər şöbəsinin rəis müavini Juja Keçkeş məlumat verib.

Onun sözlərinə görə, TDT-də müşahidəçi dövlət olan Macarıstan üçün bu görüşü təşkil etmək böyük şərəfdir.

“Bu tədbir gömrük inzibatçılığının modernləşdirilməsi, rəqəmsal ticarətin inkişafı və regional prosedurların sadələşdirilməsi istiqamətində praktiki addımların müzakirəsi üçün platformaya çevriləcək”, - J.Keçkeş qeyd edib.

O xatırladıb ki, Macarıstan Aİ-nin üzvü kimi, ilk növbədə, bir tərəfdən Azərbaycanla, digər tərəfdən isə Avropa birlikləri və onlara üzv olan dövlətlər arasında tərəfdaşlıq və əməkdaşlıq sazişi çərçivəsində gömrük sahəsində əməkdaşlıq edir. Rəis müavininin fikrincə, gömrük məsələlərində Qarşılıqlı inzibati yardım haqqında Protokol da mühüm rol oynayır.

“Gələcək ikitərəfli təşəbbüslərimizin əsas məqsədi gömrük hüquqpozmalarının qarşısının alınması, araşdırılması və aradan qaldırılması üçün gömrük administrasiyaları arasında əməkdaşlığı gücləndirməkdir. Müvafiq saziş hazırda ilkin hazırlanma mərhələsindədir”, - o əlavə edib.

J.Keçkeş həmçinin 2025-ci ildə Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının nümayəndə heyətinin Azərbaycana səfərinin planlaşdırıldığını bildirib. Yüksək səviyyəli görüş zamanı tərəflər cari əməkdaşlığı müzakirə edəcək, görülən işlərə yekun vuracaq və gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirəcəklər.

“Biz əminik ki, gömrük əməkdaşlığının gücləndirilməsi iqtisadi artım, maneələrin azaldılması və ticarət proseslərinin sadələşdirilməsi üçün yeni imkanlar açır. Bununla əlaqədar biz daim qarşılıqlı fəaliyyət və tərəfdaşlığın yeni yollarını axtarırıq”, - o vurğulayıb.

J.Keçkeş qeyd edib ki, Macarıstan gömrük inzibatçılığında mürəkkəb maddi və prosessual normalar sistemini tətbiq edir, çünki Aİ-nin tənzimləyici aktları birbaşa təsirə malikdir və icrası məcburidir.

"Hazırda Macarıstan Gömrük Administrasiyası Aİ-nin "Bir pəncərə" sistemi çərçivəsində CERTEX sertifikatlarının elektron mübadilə sistemini tətbiq edir. Bu sistem Aİ-nin 2022/2399 saylı Reqlamentinə əsasən, 2031-ci ilə qədər ittifaqın bütün ölkələrində tətbiq edilməlidir", - o əlavə edib.

J.Keçkeş əmindir ki, onun həyata keçirilməsi həm iqtisadi operatorlara, həm də gömrük xidmətinə fayda verəcək.

“Gömrük administrasiyalarımız arasında qabaqcıl təcrübə mübadiləsi gömrük qanunvericiliyinin inkişafına və prosedurların təkmilləşdirilməsinə töhfə verəcək”, - o, sonda bildirib.

Seçilən
28
report.az

1Mənbələr