AZ

MDB ölkələrində radiasiya monitorinqi üzrə ekspert qrupunun iclası olub

Bakı, 5 mart, AZƏRTAC

MDB iştirakçısı olan dövlətlər arasında radiasiya monitorinqi məlumatlarının mübadiləsi sahəsində ekspert qrupunun iclası olub.

AZƏRTAC MDB İcraiyyə Komitəsinə istinadla xəbər verir ki, martın 4-də Minskdə Birliyin iştirakçısı olan dövlətlərin 2023-cü il 8 iyun tarixli radiasiya monitorinqi məlumatlarının mübadiləsində qarşılıqlı fəaliyyəti haqqında Sazişin həyata keçirilməsinə dair Tədbirlər Planı layihəsinin razılaşdırılması məqsədilə MDB-yə üzv dövlətlərin ekspert qrupunun iclası keçirilib.

Saziş mülki müdafiə sahəsində idarəetmə problemlərinin səmərəli həllinə, əhalinin, ətraf mühitin, infrastrukturun və ərazilərin fövqəladə hallardan qorunmasına, radiasiya təhlükəsizliyinin vəziyyəti barədə əhalinin müntəzəm məlumatlandırılmasına yönəlib. Tədbirdə iştirakçı ölkələrin nümayəndələri ilə yanaşı, həmçinin MDB-yə üzv dövlətlərin atom enerjisindən dinc məqsədlər üçün istifadə üzrə Komissiyasının nümayəndələri iştirak ediblər.

Sənəd layihəsinə milli radiasiya monitorinqi sistemlərinin səmərəliliyinin artırılmasına və MDB-yə üzv dövlətlərin müvafiq idarələrinin əlaqələndirilməsinə yönəlmiş tədbirlər kompleksi daxildir.

Radiasiya şəraiti haqqında məlumat mübadiləsi Sazişin iştirakçısı olan dövlətlərin qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə, MAQATE-nin təhlükəsizlik standartlarına və dünya birliyinin təcrübəsinə uyğun olaraq həyata keçiriləcək.

İclas iştirakçıları Tədbirlər Planının layihəsini müzakirə edərək razılaşdırıblar.

Təsdiq edilmiş sənədin 2025-ci ilin ikinci yarısında müəyyən edilmiş qaydada baxılması üçün MDB İqtisadi Şurasına təqdim edilməsi nəzərdə tutulur.

Seçilən
12
azertag.az

1Mənbələr