AZ

Donald Tramp ABŞ üçün “Qızıl Qübbə” raketdən müdafiə sistemi yaradacaq

ABŞ hökuməti “Qızıl Qübbə” adlı yeni raketdən müdafiə sistemi yaratmağı və yerləşdirməyi planlaşdırır. Bunu ABŞ prezidenti Donald Tramp Konqresdəki çıxışı zamanı deyib.

“Mən Ali Baş Komandan kimi diqqətimi gələcəyin ən güclü ordusunun yaradılmasına yönəltmişəm. İlk addım olaraq mən Konqresdən vətənimizi qorumaq üçün bütövlükdə ABŞ-da hazırlanmış ən müasir raketdən müdafiə qalxanının, “Qızıl Qübbə”nin yaradılmasını maliyyələşdirməsini xahiş edirəm”, – Ağ Evin rəhbəri bildirib.

Donald Tramp xatırladıb ki, belə bir raketdən müdafiə sisteminin yaradılması ideyası Ronald Reyqanın prezidentliyi dövründə (1981-ci ildən 1989-cu ilə qədər vəzifədə idi) olub. Lakin o dövrün texnologiyaları onun həyata keçirilməsinə imkan verməyib. “Ancaq indi bizdə bu texnologiyalar var. “Onlar, əslində, sadəcə inanılmazdır” – o, deyib.
ABŞ prezidenti onu da qeyd edib ki, oxşar sistemlər artıq başqa ölkələrdə, o cümlədən İsraildə də tətbiq olunur. “Bu, çox təhlükəli dünyadır. Bizdə də olmalıdır. Biz müdafiə olunmaq istəyirik və biz öz vətəndaşlarımızı heç vaxt olmadığı kimi qoruyacağıq”, – deyə Tramp vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
25
editor.az

1Mənbələr