AZ

Pulumuzu necə dəyərləndirək? -

Pulun dəyərini qorumaq və artırmaq üçün manatı dollara çevirmək, qızıl almaq və ya banka yatırmaq kimi fərqli yollar mövcuddur. Hər bir variant bazar şərtlərindən, inflyasiyadan və iqtisadi trendlərdən asılı olaraq fərqli üstünlüklər təqdim edir. Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisadçı Emin Qəribli Metbuat.az-a açıqlamasında bildirib ki, hər dövrün öz iqtisadi xüsusiyyətləri, maliyyə resursları var: “Məsələn, ABŞ Federal Ehtiyat Sistemi (FED) müəyyən addımlar ata bilər ki, bu da dolların yaxın bir ayda əlverişli olub-olmayacağını müəyyənləşdirə bilər. Eyni zamanda qiymətli kağızlar bazarındakı trendləri izləyərək onların rentabelliyinin artıb-artmadığını görmək mümkündür. Əgər bu bazarda problem yaranarsa, investorlar ənənəvi olaraq qızıla yönəlirlər. Bu səbəbdən hər bir dövrün öz iqtisadi və siyasi şərtləri nəzərə alınaraq investisiya qərarları verilməlidir. Ayrı-ayrı bazarların konyunkturası, siyasi vəziyyət, siyasi liderlərin qərarları və Mərkəzi Bankın siyasəti yaxın iki-üç aylıq perspektivdə investisiya planlarını müəyyənləşdirməyə imkan verir. Lakin uzunmüddətli (bir ildən artıq) dəqiq proqnoz vermək çətin olur”. E.Qəribli qeyd edib ki, klassik yanaşmaya görə müasir dövrdə ən yaxşı investisiya insanın özünə yatırdığı sərmayədir. Yeni biliklər əldə etmək, yeni texnologiyaları mənimsəmək və bu bilikləri informasiya vasitəsilə gələcəkdə gəlirə çevirmək tövsiyə olunur. Lakin bəzi investorlar yalnız konkret sahələrə yönəlmək istəyir və öz inkişafına sərmayə yatırmağa maraqlı olmaya bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
11
metbuat.az

1Mənbələr