AZ

"Uşaqlara eyni anda bir neçə dil öyrətməyin..."- Psixoloqdan açıqlama

"Uşaqların inkişafı və dil öyrənmə prosesi həqiqətən də çox önəmli və maraqlı mövzudur. Müasir dövrdə uşaqlar yeni biliklərə açıq, istedadlı və öyrənməyə meyillidirlər. Lakin eyni anda bir neçə dili öyrənmək onlarda müəyyən çətinliklər yarada bilər. Xüsusilə də nitqin inkişafı, fikirlərin düzgün ifadə olunması və artikulyasiya baxımından problemlər meydana çıxa bilər."

Psixoloq Ülkər Məhərrəmova bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Uşaqların beyni yazılmamış disk kimidir—nə öyrədilsə, onu qəbul edir və yadda saxlayır. Yetkin insan beynindən fərqli olaraq, uşaqların beyni hələ tam formalaşmadığı üçün daha çevik və inkişaf yönümlüdür. Buna görə də dil öyrənmə prosesində ardıcıllıq vacibdir. İlk olaraq, uşağın ana dili mükəmməl şəkildə öyrədilməlidir. Azərbaycan vətəndaşı olan bir uşaq üçün ilk növbədə Azərbaycan dili öyrənilməlidir. Bu dil tam formalaşdıqdan sonra ikinci və ya üçüncü dillərin öyrənilməsi daha sağlam bir proses olacaq.

Eyni anda üç dili öyrətmək isə uşağın nitq aparatına, artikulyasiya mexanizminə və ümumilikdə düşünmə tərzinə mənfi təsir göstərə bilər. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də şəxsiyyətin formalaşmasına təsir edən əsas faktorlardan biridir. Bir uşaq doğulduğu ailədə ilk növbədə sevgi ilə böyüyür. Valideynlər ona ana sevgisini, vətən sevgisini və ən əsası, ana dilini aşılayırlar. Uşaq hansı dildə sevgi və qayğı görürsə, o dili də mənimsəyir və sevir. Azərbaycanlı bir uşağın ilk olaraq ana dilini öyrənməsi, daha sonra isə inkişafı və təhsili üçün digər dillərə yönəlməsi daha məqsədəuyğundur. Nəticə etibarilə, dil seçimi uşağın gələcək həyatında verdiyi qərarlardan biri olacaq və bu seçimə əsasən istədiyi dili öyrənə biləcək."

Seçilən
45
news365.az

1Mənbələr