“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 finalının Madrid “Atletiko”su ilə ilk oyununu (2:1) şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Çətin oyun idi. Biz yaxşı başladıq, ardınca isə Xulian Alvares (“Atletiko”nun argentinalı mərkəz hücumçusu – redaktorun qeydi) əla qol vurdu. İkinci hissə daha yaxşı idi, biz yaxşıca işlədik, məqsədimiz, hesabda özümüzə kiçicik üstünlük təmin etmək idi ki, buna da müvəffəq olduq. Komandam səylə işləyirdi, yaxşı müdafiə olunurdu, “Atletiko” vaxtaşırı oyuna nəzarət edirdi, amma çox fürsət yaratmırdı. Bizim futbolçularımız demək olar, bütün oyun boyu yığcam oynayırdılar”, deyə Ançelotti məmnunluqla bildirib.
Təcrübəli mütəxəssis “qaymaqlılar”ın hücum xəttinin aparıcı ulduz hücumçuları – braziliyalı futbolçu Vinisius Junior və fransalı futbolçu Kilian Mbappenin sözügedən oyunda özlərinin səviyyələrini nümayiş etdirmədikləri qənaətindədir:
“Mbappe və Vinisiusun qol vurmaq imkanları olmuş vacib məqamlar vardı, əgər hesab 3:1 olsaydı, biz cavab oyunu ərəfəsində daha artıq əminlik hasil edərdik. Düşünürəm ki, oyunçuların yorğunluğu vacib rol oynadı. İndi bizim, cavab oyununa gərəkli surətdə hazırlaşmaq üçün vaxtımız var.
Mbappe və Vinisiusun oyununa gəlincə… (Gülür) “Atletiko”nun müdafiəsinə qarşı durmaq – bu, elə də asan məsələ deyil. Kilian və “Vini” israrla mübarizə aparır və çalışırdılar, buna rəğmən, onlar özlərinin adətkar oyun səviyyələrini nümayiş etdirmədilər. Amma bizi qarşıda cavab oyunu gözləyir”.
İtalyan mütəxəssis cavab oyunu ilə bağlı da qənaətini indidən açıqlayıb:
“Biz özümüzə kiçik bir üstünlük qazandırdıq və növbəti mərhələyə keçidin intizarındayıq. Amma bu, çətin olacaq. “Atletiko” daha qüvvətlə hücum çəkəcək, imkanlar bərabər olacaq. Hər iki komandanın keyfiyyəti çox yüksəkdir. Hər iki komanda yarımfinal və ya finalda ola biləcək komandadır”, deyə Ançelotti vurğulayıb.
Cavab oyunu çərçivəsində “Real” martın 12-də Madridin “Metropolitano” stadionunda “Atletiko”nun “qonağı” olacaq.