Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının 1/8 finalının “Real”la ilk oyununu (1:2) şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, argentinalı mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Bu, hər bir komandanın müxtəlif məqamlardan yararlanmağa çalışdığı çox taktiki bir oyun idi. “Real” əla bir qol vuraraq, yaxşı başladı. Komandamın əsas xidməti o idi ki, belə erkən qol buraxılmış məqamda yaşanandan fərqli olaraq, təslim olmadı və qorxuya düşmədi. Əksinə, biz oynamağa başladıq, oyuna daxil olduq, nəzarəti üzərimizə alaraq, meydanın rəqibə aid hissəsinə girməyə başladıq. İkinci hissəyə də biz eynilə başladıq. Amma Braim Dias (“Real”ın mərakeşli sağ cinah hücumçusu – redaktorun qeydi) əla oynayıb qol vurdu, bu da yekunda oyunun nəticəsini müəyyənləşdirdi”, deyə “EL-Çolo” ləqəbli Dieqo Simeone bildirib.
Cavab oyunu çərçivəsində “Atletiko” “Real”ı martın 12-də Madridin “Metropolitano” stadionunda qəbul edəcək.