Finss.az - 2024-cü il 29 iyul tarixli 163 nömrəli Fərmanla təsdiq edilmiş “Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Əsasnaməsi”nə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir sıra qurumlarından səlahiyyətlərin ötürülməsi istiqamətində ciddi işlər görülür.
Bu tədbirlər, suların istifadəsi və mühafizəsi sahəsində daha effektiv və koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədi güdür.
Ötürülmə prosesi çərçivəsində, Milli Hidrometeorologiya Xidmətinə aşağıdakı səlahiyyətlər veriləcək:
- Milli Hidrometeorologiya Xidmətinin istifadəsində olan 40 avtomatlaşdırılmış və 36 ənənəvi hidroloji məntəqənin Xidmətə təhvil verilməsi;
- 38 avtomat hidroloji stansiyanın məlumatlarının Xidmətə təqdim edilməsi.
Geoloji Kəşfiyyat Agentliyi tərəfindən yeraltı su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə, 363 müşahidə quyusunun parametrləri barədə müvafiq məlumatların Xidmətə verilməsi təmin ediləcək.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin təqib etdiyi yerüstü suların monitorinqi çərçivəsində, çaylar, göllər, su anbarları və Xəzər dənizində suların kəmiyyəti və keyfiyyəti üzrə məlumatlar təqdim ediləcək. Həmçinin, Xəzər dənizinə axıdılan tullantıların yerləri, koordinatları və nümunələr barədə də məlumatlar Xidmətə veriləcək.
2025-ci ildən başlayaraq, Xəzər dənizinə axıdılan axarlarda monitorinq və nəzarət tədbirləri həyata keçiriləcək. Eyni zamanda, Azərbaycan Respublikasına daxil olan transsərhəd çaylarda suyun keyfiyyət monitorinqi hər dekadada aparılacaq.
Dövlət Ekoloji Ekspertiza Agentliyi və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti üzrə də müəyyən dəyişikliklər həyata keçiriləcək. Xüsusi məqsədlər üçün su obyektlərindən istifadə icazəsi verilmiş subyektlər haqqında məlumatlar Agentliyə təqdim ediləcək və su obyektlərinin qanunsuz istifadəsinin qarşısının alınması üçün tədbirlər görüləcək.
Bu fəaliyyətlər, Azərbaycanın su ehtiyatlarının daha yaxşı idarə olunmasına və ekoloji balansın qorunmasına yönəlmiş mühüm addımların tərkib hissəsidir.