AZ

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində görüş olub

Bakı, 5 mart, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, müəssisədə sakinlərin yaşayışı, asudə vaxtlarını səmərəli keçirmək üçün yaradılan şəraitlə, burada ahıllara göstərilən xidmətlərlə tanış olub.

Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımların atılmasına imkan verib. Bu istiqamətdə görülən işlər çərçivəsində Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi üçün son illərdə 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib, çarpayı sayı 300-ə çatdırılıb. Hazırda 229 ahıl şəxsin yaşadığı müəssisədə hər bir sakin lazımi məişət avadanlıqları ilə təchiz edilmiş otaqla təmin olunub.

Həmçinin Heydər Əliyev Fondunun həssas qruplarla, habelə Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə bağlı ardıcıl olaraq həyata keçirdiyi dəstək tədbirləri və humanitar aksiyalar diqqətə çatdırılıb.

Qeyd edək ki, müasir tələblərə uyğun şəraitinin yaradıldığı müəssisədə sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. var. Ahılların asudə vaxtını səmərəli keçirmək üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, muzeylərə, müxtəlif istirahət mərkəzlərinə ekskursiya və gəzintilər təşkil olunur.

A.Əliyev müəssisədə daimi dövlət himayəsində yaşayan ahıllarla görüşüb, onların qayğıları ilə maraqlanıb. Ahıl şəxslər burada onlar üçün yaradılan şəraitdən, göstərilən xidmətlərdən razılıqlarını bildirib, diqqət və qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Nazir söhbət zamanı müəssisədə sakinlərin yaşayış şəraitinin, stasionar şəraitdə keyfiyyətli sosial xidmətlərlə təminatının daim diqqətdə saxlanıldığını vurğulayıb. Görüşdə bir neçə ahıl şəxs öz yaradıcılıq qabiliyyətlərini və ifaçılıq bacarıqlarını də nümayiş etdirib.

Seçilən
36
2
azertag.az

3Mənbələr