"Nvidia" şirkəti 96 GB videoyaddaşa malik "GeForce RTX 4090" modelinin buraxılışına hazırlaşır. Sözügedən videokartın kütləvi istehsalına yaxın aylarda start verilə bilər.
Valyuta.az xəbər verir ki, artırılmış VRAM yaddaşa malik model barədə şayiələr uzun müddətdir yayılırdı, lakin indi "Eisneim" ləqəbli insayder kartın həqiqətən test mərhələsində olduğunu təsdiqləyib.
Hazırda yeni modelin dəqiq texniki göstəriciləri məlum deyil, lakin ehtimal olunur ki, bu versiya standart "RTX 4090" ilə eyni xüsusiyyətlərə sahib olacaq və yalnız yaddaş tutumu genişləndiriləcək. "Eisneim" həmçinin bildirib ki, "Nvidia" şirkəti 48 GB yaddaşa malik "RTX 4090" modeli üzərində də işləyir.
Hazırda 96 GB-lıq versiyanın istehsalı üçün hansı yaddaş çiplərinin istifadə olunacağı barədə dəqiq məlumat yoxdur. "RTX 4090" modeli 384-bit magistral ilə işləyir və belə yaddaş tutumuna nail olmaq üçün xüsusi 4 GB-lıq "GDDR6X" modulları tələb olunur. Lakin bu cür çiplərin kütləvi istehsalı hələlik təsdiqlənməyib.
Əsas müzakirə mövzusu isə bu cür kartın buraxılmasının məqsədəuyğunluğudur. Belə ki, modifikasiya əsasən süni intellektlə bağlı işlər üçün nəzərdə tutulur və yüksək qiymətini nəzərə alaraq oyunçular üçün artırılmış videoyaddaşın ciddi üstünlük təmin etməyəcəyi vurğulanır.
Qeyd edək ki, daha əvvəl ekspertlər "Nvidia RTX 5070" modelindən məyus olduqlarını bildirmişdilər. Belə ki, "RTX 4090" ilə eyni məhsuldarlığa malik olduğu iddiaları öz təsdiqini tapmamışdı.
Paşa Məmmədli