AZ

“Ermənistan İrana qarşı heç bir aksiyada iştirak etməyəcək” – Paşinyan İranın dövlət televiziyasına nələr deyib?

“Ermənistan İranın maraqlarına qarşı həssasdır və İran İslam Respublikası da bizim maraqlarımıza həssasdır”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş nazri Nikol Paşinyan İranın dövlət televiziyasına müsahibəsində deyib.

Jurnalistin “kənar düşmənlərdən İran-Ermənistan münasibətlərini necə qorumaq olar” sualına Paşinyan cavabında deyib ki, “biz münasibətlərin təbii maraqlara əsaslanmasına diqqət yetirməliyik”.

"Qeyd etdiyiniz kimi, mənfi təsir göstərən amillər var, bu amillər heç kimə sirr deyil, o cümlədən İran İslam Respublikası ilə bizim də əlaqələrimiz olan bir sıra Qərb ölkələri arasında mürəkkəb münasibətlər var. Biz İranın bu həssas maraqlarını nəzərə almağa və proseslərimizdə ziddiyyət yaratmamağa çalışırıq", - o əlavə edib.

Baş nazir Paşinyan hökumətinin qərbyönümlü kimi xarakterizə edilib-edilməməsi və bunun Tehranla münasibətlərə təsir edib-etməməsi ilə bağlı suala cavabında bildirib ki, rəsmi İrəvan hər hansı qərəzlilik təzahürünü istisna edən balanslaşdırılmış xarici siyasət yürüdür.

“İranla əlaqələrimiz çox vacibdir və biz İslam dünyası ilə münasibətlərimizin bundan sonra da dərinləşməsini istəyirik”, - deyən Paşinyan, digər münasibətlərdə İran üçün heç bir təhlükə olmadığını bəyan edib.

İranlı jurnalistin “Əgər Qərb dövlətləri İranı təhdid etsələr, Ermənistan hakimiyyətinin hərəkətləri necə olacaq” sualına Baş nazir belə cavab verib: “Biz demişik ki, Ermənistan İrana qarşı heç bir aksiyada iştirak etməyəcək”.

Ermənistanın Azərbaycandan Naxçıvana dəhliz ilə bağlı mövqeyinə gəlincə, Nikol Paşinyan hökumətin təşəbbüsü ilə həyata keçirilən “Sülh yollarının kəsişməsi” proqramını xatırladıb. Onun sözlərinə görə, proqram regionda bütün nəqliyyat marşrutlarının və iqtisadi əlaqələrin blokdan çıxarılmasından ibarətdir.

Baş nazir bu yaxınlarda bəyan edib ki, İrəvan bu məsələnin həlli üçün Bakıya təklif verib. Təklifdə birinci mərhələ dəmir yolu ilə yük daşımalarının həyata keçirilməsi əks olunub.

"Əlbəttə, biz hesab edirik ki, bu məsələ ölkələrin ərazi bütövlüyü, yuridiksiyası və suverenliyinə hörmətlə həll edilməlidir. Bizim təklif etdiyimiz həll yolu bu şərti tam ödəyir", - o, İran televiziyasına müsahibəsində deyib.

Nikol Paşinyan əlavə edib ki, Ermənistan da İranın Azərbaycana təklif etdiyi şərtləri təklif etməyə hazırdır: “Təbii ki, özəlliyi nəzərə alsaq ki, bu halda söhbət təkcə Ermənistan ərazisindən Azərbaycanın digər hissəsinə dəmir yolu yüklərinin daşınmasından getmir, həm də Ermənistandan Azərbaycan ərazisi ilə Naxçıvana yüklərin daşınmasından gedir”.

Hökumət başçısı bu gün əvvəl deyib ki, Bakı son illərdə İrəvanın müxtəlif təkliflərini rədd etsə də, Ermənistan tərəfi çeviklik nümayiş etdirməkdə davam edir və hazırda masada təkliflər var.

Azərbaycandan bu bəyanata cavab verilib ki, Ermənistan regionda kommunikasiya kanallarının açılması üçün əməli addımlar atmalıdır və İrəvan bu istiqamətdə öz üzərinə öhdəliklər götürüb. Bakı təkid edir ki, İrəvanın təqdim etdiyi təkliflər mahiyyətcə lazımsızdır, həyata keçirilməsi çətindir və praktikada marşrutu uzadar.

“Bu layihənin həyata keçiriləcəyi təqdirdə nələrin baş verəcəyini burada qeyd etmək də çox vacibdir. Bu həm də Ermənistan-İran münasibətlərinə çox müsbət təsir göstərəcək, çünki bu kontekstdə həm Azərbaycan, həm də Ermənistan beynəlxalq dəmir yolu yükdaşımaları üçün bir-birinin ərazilərindən istifadə edə biləcəklər. Əgər bu kanallar açılsa, bizim Ermənistan-İran dəmir yolu xəttimiz olacaq ki, bu da iqtisadi əlaqələrimizi xeyli dərinləşdirəcək”, - Nikol Paşinyan müsahibəsində vurğulayıb.

“Bu yolların üçüncü dövlətlər və ya BMT tərəfindən nəzarətə götürülməsi təklifi barədə nə düşünürsünüz” sualına Nikol Paşinyan mənfi cavab verib: “Ermənistan Respublikası üçün üçüncü qüvvələr haqqında danışmaq qəbuledilməzdir. Başqa sözlə, biz belə bir ehtiyac görmürük və təbii olaraq belə bir ehtiyac da yoxdur”.

Rasim Əliyev

“AzPolitika.info”

Seçilən
53
azpolitika.info

1Mənbələr