AZ

Fariz Cəfərov: “Sənaye 4.0”-ın tətbiqi məhsuldarlığı 30 faizədək artıra bilər”

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “SOCAR Polymer" MMC və “AzerGold" QSC-də “Sənaye 4.0” hazırlıq proqramı tətbiq edilib və bu müəssisələrdə institusional hazırlıq təmin olunub.

Bu barədə 4SİM-in icraçı direktoru Fariz Cəfərov ötən ilin yekunlarına dair mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, artıq bu şirkətlər öz fəaliyyətlərində rəqəmsal alətləri 4SİM-in təklif etdiyi yol xəritəsində tətbiq edəcəklər. 2030-cu ilədək isə ümumilikdə 650 belə şirkətə dövlət dəstəyi verilməklə proses həyata keçiriləcək.

“Bu yanaşma 30-dan çox ölkədə 850 beynəlxalq sənaye şirkəti tərəfindən tətbiq edilir. Bunların arasında neft-qaz və qeyri-neft-qaz sektorlarında fəaliyyət göstərən şirkətlər var. Bu texnologiyalarla biz insan kapitalını inkişaf etdirəcək və beynəlxalq təcrübəni Azərbaycana gətirəcəyik”, - Fariz Cəfərov qeyd edib.

Mərkəzin icraçı direktoru əlavə edib ki, “Sənaye 4.0”-ın tətbiqi ilə özəl və dövlət şirkətləri ən azı 20-40 faiz anbar xərclərini azalda bilərlər ki, bu da kifayət qədər əhəmiyyətli rəqəmdir. Bu, həmçinin, əmək məhsuldarlığını 15-30 faiz artıra bilər. “Bu o deməkdir ki, insanlar manual gördükləri işi avtomatik, robotlarla, süni intellektlə edərək, daha faydalı işlə məşğul ola biləcəklər və daha yaxşı nəticələr göstərəcəklər. Bununla yanaşı, gəlir və məhsuldarlıq 10-30 faiz artacaq, mühəndislik xərcləri isə 10-30 faiz azaldılacaq”, - Fariz Cəfərov qeyd edib.

4SİM-in rəhbərinin fikrincə, hər hansı prosesi yol xəritəsi olmadan xaotik formada icra edərkən nəticə bəlli olmur. Yol xəritəsi olduğu zaman isə edilə biləcək səhvlərin qarşısı öncədən alınır, mühəndislik xərcləri azalır, məhsulların keyfiyyəti isə ən azı 20 faizədək gəlirə müsbət təsir göstərir: “Beynəlxalq statistika göstərir ki, yol xəritəsi olmadan rəqəmsallaşmanı tətbiq edən şirkətlərin 71 faizi uğursuzluğa düçar olur. Düşünürük ki, biz daha uğurlu nəticələr əldə edəcəyik”.

Seçilən
85
1
vergiler.az

2Mənbələr