AZ

"Binə"nin rəhbəri qanunsuz yolla milyonlar qazanır - Dövlətə meydan oxuyur - VİDEO

Bakı Beynəlxalq Avtovağzal Kompleksi “Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edib.
Bu, olduqca mühüm addımdır. Buradan qərb və cənub rayonlarına rəsmi reyslərin həyata keçirilməsi, avtobusların müasir standartlara cavab verməsi və sərnişinlər üçün təhlükəsiz şəraitin yaradılması müsbət hal kimi dəyərləndirilir. Yeni avtovağzal geniş əraziyə malikdir və burada sərnişinlərin rahatlığı üçün lazımi infrastruktur qurulub.
Lakin "Binə" Ticarət Mərkəzinin ərazisində fəaliyyət göstərən qanunsuz avtovağzalın yaratdığı problemlər hələ də aktualdır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bu avtovağzala qarşı mütəmadi olaraq hüquqi tədbirlər görülsə də, bu fəaliyyətin qarşısı tam olaraq alına bilmir. AYNA tərəfindən hər ay 1500 manat cərimə tətbiq edilməsi həmin avtovağzalın bağlanmasına kifayət etmir. Çünki görünən odur ki, ticarət mərkəzinin rəhbərliyi bundan daha çox gəlir əldə edir. Belə bir vəziyyət qanunun aliliyinə və dövlətin nəzarət mexanizmlərinə meydan oxumaq kimi başa düşülür.
Qanunsuz avtovağzalın fəaliyyət göstərməsi sərnişinlər üçün də ciddi risklər yaradır. Burada çalışan sürücülər reysqabağı tibbi müayinədən keçmir, nəqliyyat vasitələri isə texniki baxışdan keçirilmir. Bu isə sürücülərin səhhətindəki problemlərin nəzərə alınmaması və texniki nasaz nəqliyyat vasitələrinin yollara çıxması deməkdir ki, bu da potensial qəza riskini artırır.
Bundan əlavə, bu qeyri-qanuni avtovağzal ərazidə nəqliyyat sıxlığının yaranmasına da səbəb olur. Nəqliyyat vasitələrinin ikinci, hətta üçüncü cərgədə dayanması əsas yolda nəqliyyat axınını çətinləşdirir, tıxaclar yaradır və digər sürücülərin rahat hərəkət etməsinə mane olur.
Bütün bunları nəzərə alaraq, "Binə" Ticarət Mərkəzinin ərazisində fəaliyyət göstərən qanunsuz avtovağzalın tamamilə bağlanması və sərnişin daşımalarının yalnız rəsmi avtovağzallar vasitəsilə həyata keçirilməsi üçün qəti addımlar atılmalıdır.

 

Nərmin

Seçilən
22
avtosfer.az

1Mənbələr