Qəbələ, 5 mart, AZƏRTAC
"Bütün idman federasiyalarının nümayəndələrini "İdman Paytaxtı" Qəbələdə görmək çox xoşdur".
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov 2025-ci il üçün "İdman paytaxtı" seçilən Qəbələ şəhərində təşkil edilən paraddan sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Azərbaycanda idmana dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı var: “İdmançılarımızın bayramını təbrik edir, gələcək karyeralarında uğurlar arzulayıram".
F.Qayıbov Ümummilli Lider Heydər Əliyevin 30 il öncə idman ictimaiyyəti ilə tarixi görüşünü də xatırladıb: "Ulu Öndər həmin görüşdə uğur qazanmış idmançılarla bir araya gəlmişdi. O, hər zaman idmançıların yanında olub. Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu möhtəşəm bayram hər il təşkil olunur.