Budapeşt, 5 mart, AZƏRTAC
Avropa İttifaqının hüquq-mühafizə orqanlarının səylərinə, qitəyə narkotik vasitələrin daşınması və İttifaq ölkələrində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə ayıq-sayıq olmalarına baxmayaraq, insanı bihuş edən bu maddələrlə bağlı cinayətlərin artan statistikası narahatlıq doğurur.
AZƏRTAC xəbər verir ki, Macarıstan mediası son günlər bu mövzunu daha çox işıqlandırırlar. Qərbi Avropa və ya Çexiya və Polşa ilə müqayisədə Macarıstanda bu mövzuda vəziyyətin nisbətən yaxşı olmasına baxmayaraq, şengen zonasının şəffaf sərhədləri cinayətkarların ölkəyə bu maddələri keçirmələrinə “cənnət” şəraiti yaradır.
Ölkənin “MTİ” agentliyi bildirib ki, Fransa hakimiyyəti Dünkerk limanında çəkisi 10 ton olan 320 milyard avro dəyərində kokain partiyasını aşkar edib. Bu da son vaxtlar ələ keçirilən ən böyük narkotik partiyasıdır. Bu partiya Cənubi Amerikadan gəlmiş konteynerdə aşkar olunub.
Rotterdam və Antverpen limanları ilə yanaşı, Fransanın şimalındakı Havr limanı da uzun illər Amerikadan Avropaya kokain daşınmasının əsas məntəqələrindən biri olub.
Ötən il Fransada ümumilikdə 53,5 ton kokain müsadirə edilib ki, bu da ölkənin qitə hissəsində narkotiklərlə mübarizə tarixində ən böyük əməliyyat hesab olunur. Bəs görəsən, neçə ton narkotik aşkarlanmadan keçib? Aydındır ki, Fransa hüquq-mühafizə orqanları vəzifələrinin öhdəsindən gələ bilmirlər. Bu da ölkə rəhbərliyinin fəaliyyətinə dair əlavə suallar ortaya çıxarır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt