“Təqvimin əlamətdar günlərindən biri kimi 8 Mart qadınlarımızın dövlət və cəmiyyət həyatındakı rolunu, ailədəki əvəzsiz zəhmətini və fədakarlığını bir daha vurğulamaq üçün bir fürsətdir”.
“İki sahil” xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə söyləyib.
O bildirib ki, idarəetmənin parlament, hökumət və məhkəmə hakimiyyəti ölçüsündə qadınlar daha parlaq və daha geniş spektrdə imkanlarını genişləndirməkdədir.
“Son 20 ildə qanunverici orqanda qadınların təmsilçiliyi artaraq 11,2 faizdən 20,8 faizə çatıb. Dövlət qulluqçuları arasında 29,7 faizlik iştiraka malik qadınlar, hakimlər korpusunda, hüquq-mühafizə orqanlarında və vəkillər arasında sıralarını daha da genişləndirməkdədir. Onların informasiya texnologiyaları və süni intellektə marağı daha da artıb, rəqəmsal iqtisadiyyatda geniş imkanlar əldə ediblər”, - deyə B.Muradova qeyd edib.