Yüksək Qızlar Liqasında çıxış edən "Baku Juniors" klubunun oyunu yaradılacaq.
Offsideplus.az xəbər verir ki, "Gamepons" və "Baku Juniors Sport Club" arasında əldə edilmiş razılığa əsasən, klubun mobil oyunu hazırlanacaq. Klubun rəsmi açıqlamasında qeyd edilib ki, "Gamepons"un bu təşəbbüsü həm qadın futbolunun inkişafına, həm də oyun sənayesinə yeni nəfəs gətirəcək.
"Baku Juniors Women" futbol klubunun meneceri Ağasəf Osmanlı saytımıza eksklüziv açıqlamalar verərək, oyunun detallarını bölüşüb. Mobil oyunun bu yaz təqdim edilməsi gözlənilir:
"Oyunu yazacaq komanda ilə razılığa gəlinib. Mümkün qədər tez istifadəyə verilməsinin arzusundayıq. Əgər işlər arzu etdiyimiz kimi gedəcəksə, aprel - may aylarında təqdim edəcəyik. Bəzi xüsusi elementləri də əlavə etmək istəyirik ki, bu da vaxt ilə sınağa səbəb olacaq".
A.Osmanlı ad seçilməsində ictimaiyyətin fikirlərində istifadə olunacağını bildirib: "Oyuna ad seçilməsinə həssaslıqla yanaşırıq. Geniş müzakirə olacaq. Versiyalardan biri kimi cəmiyyətə müraciət edib ən uyğun adı seçilməsi üçün səsvermə elan edə bilərik".
Bəs oyundakı qadın xarakterlərin xarici görünüşü kimlərə bənzəyəcək? Hazırkı komanda üzvlərindən də istifadə ediləcək? suallarına klubun meneceri belə cavab verdi:
"Bəli. Məhz onlar istifadə olunacaq. Hətta onlara xas davranışları vurğulamaq istəyirik. Mümkün olsa, səs belə əlavə edəcəyik".
A.Osmanlı bu mobil oyunun qadın futbolunda bir ilkə imza atacağını bildirib:
"Azərbaycan, Qafqaz, postsovet məkanında bir ilkdir. Qadın futbol klubuna məxsus bir oyun mənə rast gəlməyib".
View this post on Instagram