AZ

Tanınmış yazıçı, görkəmli alim Zeydulla Ağayevin xatirəsi anılıb » AzadMedia.az


Nizami Kino Mərkəzində tanınmış yazıçı, tərcüməçi, jurnalist, filologiya elmləri doktoru, professor Zeydulla Ağayevin 80 illiyinə həsr olunmuş anım gecəsi keçirilib.

AzadMedia.az
xəbər verir ki, tədbirdə ədəbiyyat, elm və mədəniyyət xadimləri, mətbuat nümayəndələri, mərhumun dostları və ailə üzvləri iştirak ediblər.

Tədbirdə Zeydulla Ağayevin həyat və yaradıcılığını əks etdirən videoçarxı nümayiş etdirilib, sonra gecənin moderatoru, yazıçı, jurnalist Aysel Əlizadə qonaqlara professor Z. Ağayevin Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına verdiyi töhfələrdən bəhs edib.

Anım gecəsində Milli Məclisin deputatları Anar İsgəndərov, Məşhur Məmmədov, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, yazıçı Seyran Səxavət, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov, yazıçılar Xeyrəddin Qoca, Nurəddin Ədiloğlu, Kamran Nəzirli, şair Ağacəfər Həsənli, rejissor Ağalar İdrisoğlu və başqaları çıxış edərək professor Zeydulla Ağayevin zəngin irsindən, elmi və ədəbi fəaliyyətindən, insan və ziyalı kimi əvəzsiz xidmətlərindən danışıblar.

Tədbirə Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadə, professor Qorxmaz Quliyev və Kipr Universitetinin professoru Cavanşir Şibliyev video bağlantı vasitəsilə qatılaraq Zeydulla Ağayevin elmi-pedaqoji fəaliyyətindən, onun yetirmələrinə verdiyi dəyərdən, ədəbiyyata və tərcümə sənətinə verdiyi töhfələrdən bəhs ediblər.

Natiqlər vurğuladılar ki, Zeydulla Ağayev olduqca vətənpərvər şəxs idi və Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində səylə çalışmışdır. O, Azərbaycan-ABŞ arasında mədəni əlaqələrin inkişafında da xidmətlər göstərib. Belə ki, Zeydulla Ağayev xarici ədəbiyyatın birbaşa orijinal dildən Azərbaycan dilinə çevrilməsi sahəsində böyük işlər görüb, Azərbaycan oxucularına Qərb ədəbiyyatının ən dəyərli nümunələrini tanıdıb. Məhz onun peşəkar tərcüməçilik fəaliyyəti nəticəsində Cek London, Teodor Drayzer, A. Konan Doyl, E. Heminquey və digər görkəmli yazıçıların povest və hekayələri Azərbaycan dilində nəşr olunaraq geniş oxucu kütləsinə çatdırılıb. Zeydulla müəllim milli ədəbiyyatımız tarixində ABŞ yazıçısı Artur Heylinin “Aeroport” romanını birbaşa ingilis dilindən Azərbaycan dilinə tərcümə edərək bu istiqamətdə ilkə imza atıb.

Diqqətə çatdırılıb ki, bundan əlavə, o, iki ölkə arasındakı mədəni əlaqələrdən Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması və lobbiçilik fəaliyyətlərinin gücləndirilməsi üçün də səmərəli şəkildə istifadə edib. Zeydulla Ağayev erməni militarizminin iç üzünü ifşa edən, tutarlı faktlarla zəngin “Erməni genosidi” kitabının tərcümə olunmasına və keçmiş SSRİ məkanında geniş yayılmasına da rəhbərlik etmişdir.

Eyni zamanda amerikalı hakim Samuel A. Uimizin “Ermənistan- terrorçu xristian ölkəsinin gizlinləri” kitabını ana dilimizə tərcümə edib. Hər iki kitab erməni yalanlarını ifşa edən ən mühüm mənbələrdən biri kimi dəyərləndirilir və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında böyük rol oynayıb.

Gecənin sonunda Zeydulla Ağayevin ailəsi adından qızı Ləman Ağayeva çıxış edərək, atasının xatirəsini əziz tutan hər kəsə təşəkkürünü bildirib.
Seçilən
54
4
azadmedia.az

5Mənbələr