AZ

Keyfiyyətin təcrübəni yıxdığı boy…

Ötən gün Premyer Liqada XXV turun mərkəzi matçı Tovuz şəhərində baş tutdu. Meydan sahibi komanda “Turan Tovuz” 0:2 hesabla “Zirə”yə məğlub oldu. Beləliklə, ən yaxın izləyicisi “Araz-Naxçıvan”ın da “Sabah”la heç-heçə edərək, xal itirməsiylə “qartallar” ikinci pillənin şəriksiz hakimi oldu. Rəşad Sadıqovun yetirmələri önəmli rəqib üzərində vacib qələbə qazanmaqla avrokuboklara bir addım daha da yaxınlaşdı. Marafon uzun olsa da “Zirə”nin nümayiş etdirdiyi stabil oyun tərzi belə düşünməyə əsas verir.

Doğrusu, qarşılaşmanın daha sakit və tərəflərin ehtiyatlı oyunu ilə keçəcəyi gözlənilirdi. Fəqət matç başlar-başlamaz bunun əksini gördük. Elə ilk dəqiqələrdən etibarən “Turan Tovuz” aqressiv şəkildə irəli atılaraq, hesabı açmaq istəyən tərəf oldu. Lakin “Zirə”nin sürətli əks-hücumuna məruz qalan Berdıyevin yetirmələri elə birinci epizoddaca qapısında qol gördü. Hesabı bərabərləşdirmək üçün yenidən irəli atılan Tovuz təmsilçisi bu dəfə “Zirə”nin müdafiə səddini yara bilmədi. Əvəzində ikinci hissənin başlanğıcında növbəti qolu da vuran qəsəbə təmsilçisi matçın taleyini həll etdi.
“Turan Tovuz”un bu qədər istəkli şəkildə oyuna başlamasına rəğmən məğlubiyyətininin əsas səbəbi “Zirə” ilə müqayisədə oyunçularının fərdi keyfiyyət baxımından geri qalması idi.

Həm Kurban Berdıyev, həm də Rəşad Sadıqov müdafiəyə daha çox diqqət yetirən məşqçilərdəndir. Xüsusən də türkmənistanlı mütəxəssis müdafiəyə yönəlik futbolun ustadlarından sayılır. Lakin əlində daha yaxşı və komplekləşmiş heyətə sahib olan gənc mütəxəssis, böyük təcrübə sahibi Berdıyevə qalib gəlməyi bacardı.

“Zirə” bu qələbədə, təkcə müdafiə deyil, eyni zamanda cinahlardan sürətli əks-hücuma keçə bilən oyunçuları sayəsində nail oldu. Xüsusən də sağ cinahda Salifu Suma, sol mövqedə İssa Cibrilla “Turan Tovuz” müdafiəçilərini girinc etdi. Mübarizənin də əsasən, meydançanın “Turan Tovuz”a aid hissəsində aparılması, “qartallar”ın bu mövsüm qorxulu yuxusuna çevrilmiş standart vəziyyətlərdən maksimum dərəcədə uzaqlaşdırdı.

Gedişaya baxdıqda, əsas hədəfi avrokuboklara vəsiqəni təmin etmək olan “Turan Tovuz”un vəziyyəti bir qədər də çətinləşdi. Hazırda dördüncü pillədə qərarlaşan “bozqurdlar”ı “Zirə”dən 6 xal ayırır.

Mirkamal Kazım

Seçilən
41
futbolpress.az

1Mənbələr