AZ

Azər Bağırov: “Kimisə istefaya göndərmək bizim işimiz deyil”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Son oyunlarda qol epizodları yaradırıq, amma dəyərləndirə bilmirik. Daha hazırlıqlı, ehtiyat oyunçular skamyası daha zəngin olan komandaya qarşı oynayırdıq. Onlara iki kubok matçında məğlub olmuşuq. Komandanı bu oyuna yaxşı motivasiya edə bildik. Meydanda maraqlı mübarizə getdi. Çox qol ola bilərdi. Şükürlər olsun ki, 3 xal qazandıq”.

Son illərdə “Kəpəz” Roman Qriqorçuk, Şahin Diniyev kimi mütəxəssislərin istefaya göndərilməsinə səbəb olub. Azər Bağırov “Eyni aqibət Vaqif Cavadovu gözləmir?” sualına belə cavab verib:

“Vaqifə böyük hörmətim var. Kimisə istefaya göndərmək bizim işimiz deyil. Bəlkə biz istefaya getdik, bilmək olmaz”.

Qeyd edək ki, “Kəpəz” növbəti matçını məhz uzun müddətdir qələbəyə həsrət qalmış “Sumqayıt”a qarşı keçirəcək.

Samir Abasov: “İntizam Komitəsinin mənimlə prinsipi, qərəzi var?”

“Neftçi”nin baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Qol buraxdıq, amma qol vura bilmədik. Fürsətlərdən istifadə etmək alınmadı. Hücumçularımız “dişsiz” idilər, epizodlarda baş çıxara bilmədilər. Xüsusilə də Ağadadaş Salyanski. Ona görə də uduzduq. Son verilən qərarlar, keyfiyyət baxımından axsıyırıq. Bütün oyunlar önəmlidir. Səhvlərimizdən dərs çıxarmalıyıq. Son oyunlarda çox da qol buraxmamışıq. Müdafiədən yox, hücumdan danışmaq istəyirəm. Belə oynamaq olmaz. Ağadadaşdan çox narazı qaldım. Akademiyamızdan çıxan uşaşqlar anlamalıdır ki, bu gün nə qədər azarkeşlərimiz dəstək olurlarsa, belə oyunla özləri haqda rəyi də yerə vururlar”.

“Neftçi”nin müdafiəçisi Yuri Matias Braziliya mətbuatına şəxsi problemlərindən danışıb və ölkəsinə qayıtmaq arzusundadır. Samir Abasov bununla bağlı sualı belə cavablandırıb:

“Məndən qabaqkı Matiası tanımırdım, onu rəqib kimi görmüşdüm. Braziliya mətbuatına verdiyi müsahibədən xəbərdaram. Heç vaxt görməmişəm ki, ailəsindəki problemi məşqinə və ya oyununa təsir etsin. O, digər futbolçularımız üçün nümunədir. Matiasın ailə vəziyyətindən xəbərimiz var. Fikri uşaqların yanında ola-ola bu cür oynadığı üçün Matiasa təşəkkür düşür”.

“Neftçi”nin baş baş məşqçisi “Kəpəz”lə kubok görüşündən sonra hakimlik və VAR haqqındakı fikirlərinə görə cəza almamasına dair sualı isə belə cavablandırıb:

“Nə danışdıq ki, cəza alaq? VAR-ı rədd etmək lazım olduğunu deməklə şəxsi fikrimi dilə gətirmişəm. İnsanlar qol vurur, sonra sayılmır. Bildiyim qədərilə, İsveç VAR sistemini aradan götürüb. Futbolda VAR-ın olmasını istəmirəm. Futbolun texnologiyalara bağlı olmasını istəmirəm. Azərbaycanda da istəmirəm. Ona görə cəza verilməlidir? Bəs nə haqda danışaq? Sırf mənim o sözlərimə görə Bassala sambuya bir yox, iki oyunluq cəza verilirsə, bu, hara gedib çıxacaq? İntizam Komitəsinin mənimlə prinsipi, qərəzi var?”

Seçilən
36
arena.az

1Mənbələr