AZ

Əşrəf Veysəllinin şeirlərindən seçmələr

Əməkdar mədəniyyət işçisi, yeniyetməlik illərindən şeir yazan, çox maraqlı ustad şair Əşrəf Veysəllinin 6 mart tarixində ad günüdür. O, 1938-ci ilin mart ayının 6-da dünyaya gəlib. Biz bütün oxucularımız adından ona can sağlığı arzu edirik və yeni-yeni şeirlərini gözləyirik. O, ömrünün bu müdrik vaxtında da çoxlu şeirlər yazır. Və ictimai həyatda da fəal iştirak edir.

 

SEVGİ ŞEİRLƏRİ YAZIRAM HƏLƏ

Bir cüt göz boylanar gözlər içindən,

Qırx ilin həsrəti sızlar içimdə.

Onun bənzərini qızlar içində

Görcək, ünvanımı azıram hələ,

Sevgi şeirləri yazıram hələ.

 

Gah havaya həsrət, gah suya həsrət

Neylərdim o zərif duyğuya həsrət?..

Qan sızan gözlərim yuxuya həsrət

Məni sevənlərə, mən sevənlərə

Sevgi şeirləri yazıram hələ.

 

Söz ki məhəbbətə, eşqə söykənər

Dönər ev tikənə, işıq çəkənə.

Sevgi tükənəndə ömür tükənər,

Odur ki, qəlbimlə verib əl-ələ,

Sevgi şeirləri yazıram hələ.

 

Neçə ölümlərdən keçdim, ölmədim,

Ölmədi dərdimdən heç kim, ölmədi.

Özüm öləndə də eşqim ölmədi,

Onun hər cövrünə hazıram hələ,

Sevgi şeirləri yazıram hələ.

 

Dalımca danışıb söyməsin heç kəs,

Düz olan işimi əyməsin heç kəs.

Bu yaşda xətrimə dəyməsin heç kəs,

Getsin öz işinin dalınca hərə,

Sevgi şeirləri yazıram hələ.

 

Eşqim düşürməsin atından məni,

Yansam, ayırmasın odundan məni.

Əzrail çıxartsın yadından məni,

Lap belə fələin özü də gələ

Sevgi şeirləri yazıram hələ.

***

ÖZÜMDƏ BİR ŞAİR ÖLDÜRMÜŞƏM MƏN

Ömrümün yazını soldurmuşam mən,

Könlümün gülləri solmayıb hələ.

Özümdə bir şair öldürmüşəm mən,

O şair anadan olmayıb hələ.

***

MƏN NİYƏ YAZIRAM BU YAZILARI

Əridə-əridə odlu qəlbimi,

Dünya öz işində qalacaqdısa,

Kainat milyon il əvvəlki kimi,

Köhnə havaları çalacaqdısa,

Mən niyə yazıram bu yazıları?

 

Tanrının yanında üzüm yoxdusa,

Dünyada heç nədə gözüm yoxdusa,

Haçandır dilimi bir söz göynədir,

Onu da deməyə lüzum yoxdursa,

Mən niyə yazıram bu yazıları?

 

Bir də görürsən ki, gün dağdan aşıb,

Dərdin əllərinə saçın dolaşıb..

Çoxu çıxarıbdır ürəyi yaddan,

Çoxunun çörəyə qarışıb başı,

Mən niyə yazıram bu yazıları?

 

Uzağı bir sözü yazanacandı,

Əl sözə isinib qızanacandı..

Çətini beşikdən məzaracandı,

Məzardan bu yana gəliş yoxdusa,

Məzardan o yana gediş yoxdusa,

Məzardan o yanda bir iş yoxdusa,

Mən niyə yazıram bu yazıları?

Mən kimə yazıram bu yazıları?

***

UTANIR

Budanıbdır insanlığın ağacı,

Sındırılmış budağından utanır.

Dünənlərdə itib qalıb dünəni,

Bu günündən, sabahından utanır.

 

Bu ağacın yarpaqları incədir,

Bu yamacın çiçəkləri qönçədir.

Bu görünən dağlar ki var, külçədir

Viran qalmış yatağından utanır.

 

Əsrimizin əsəbləri nə gərgin,

Bu ağrıdan hamımıza yetər ki...

Hara baxsan qaçqın, köçkün, didərgin..,

Söndürülmüş ocağından utanır.

 

Haqq yoludur Kəbəmizin yolları,

Haqlılar da, haqsızlar da yoldadır.

Öz nəfsinin, tamahının qulları

Həccə gedən günahından utanır.

 

Gedən gəlmir, gələn getmək istəmir,

Sözqananlar söz eşitmək istəmir.

Üzlü qonaq durub getmək istəmir,

Ev sahibi qonağından utanır.

 

Könüllərdə yurd salıbsa xəyanət,

Şəriətə, təriqətə nə hacət?!

Məclislərdən qaçaq düşən mərifət

Endirilmiş bayrağından utanır.

 

Yazdıqlarım söz öncəsi, söz ardı...

Bacarsaydım hamısını pozardım...

Əvəzində bircə kəlmə yazardım,

Əlim elin qınağından utanır.

 

Biz oyunçu, həyatsa bir səhnədir,

Bu quruluş bu mizanda köhnədir.

Dünya bizim anamızdır, ya nədir

Öz yarımçıq uşağından utanır.

 

Mərd yaxası namərdlərin əlində,

Vüsal qalıb həsrətlərin əlində.

Naçar bəndə bu dərdlərin əlində

Naçar qalmış Allahından utanır.

***

VAXT QATİLLƏRİ

Hər gün neçə-neçə qayğı gətirər,

Fikirlər qurd kimi daraşar bizə.

Bizsə vaxt qatili, zaman qatili,

Cani də desələr yaraşar bizə.

 

Yaşayıb, yaradıb ömür sürməyi,

Nəğmə zənn eyləyib, nağıl biliblər.

Müdrik ağsaqqallar vaxt öldürməyi

Adam öldürməkdən ağır biliblər.

 

Heyif!-Ömrümüzü bir qədəh kimi

Qaldırıb başına, içən günlərə.

Şərab stolunda, nərd arxasında,

Məmur qəbulunda keçən günlərə.

 

Neyləyək?-biz haram qata bilmərik

Tənbəl ayaqların yerişinə də.

Çox vədə vaxt tapıb gedə bilmərik

Doğma insanların görüşünə də.

Növ-növ oyunlarla baş qatarıq biz,

Çox vaxt uduzarıq-bəxtimiz olmaz.

Vaxtı öldürməyə vaxt taparıq biz,

Vaxtı yaşatmağa vaxtımız olmaz.

 

 

OLMAZ

“ Gözdən yaş çıxarmı ürək yanmasa”

M.Müşfiq

 

“Gözdən yaş çıxarmı ürək yanmasa...”

Hər gözüyaşlıda mərhəmət olmaz.

İncimə tez küsüb, tez barışandan,

Soyuqqanlılarda məhəbbət olmaz.

 

Yanmaya-yanmaya kül olanların,

Arzusu, qayəsi pul olanların,

Bir də öz nəfsinə qul olanların

İşində etibar, sədaqət olmaz.

 

Əyilmək əzəldən ruhuma yaddır,

Yaxşı ki bu yükdən könlüm azaddır.

Fərasət özü də bir istedaddır,

Ancaq istedadda fərasət olmaz.

 

Yaltaq lap qocalıb qarı da olsa,

Ağardar dişini harada olsa.

Evində dünyanın varı da olsa,

Onda mərdlik olmaz, ləyaqət olmaz.

 

Xainin hər işi, sözü kölgəli,

Kölgəsi kölgəli, özü kölgəli.

Yaxşı ki, olmadıq gözü kölgəli,

Gözükölgəlidə cəsarət olmaz.

 

Birinin var-dövlət başından aşar,

Biri yoxsul yaşar, ancaq mərd yaşar.

Varını güdənlər tez arsızlaşar,

Arını güdənlər xəcalət olmaz..

 

Elə ki xamladı tamahın atı,

Bir də görəcəksən səni saymadı.

Əllər ki qızılla, pulla oynadı

İnan ki onlarda ədalət olmaz.

 

Əzəldən qardaşdır xeyir də, şər də,

İnsan ucalar da, insan düşər də..

Dost dostu gəzməsə xeyirdə, şərdə,

Unsiyyət olsa da, ülviyyət olmaz.

 

Bəzəkli yalanlar taxta çıxandan,

Onəlli tutmuşuq baxta çıxandan.

Cahildir dostluğa saxta çıxanlar,

Cahillər olmasa cəhalət olmaz.

 

Nə qədər “çorlara” biz “can” demişik.

Canımız çıxsa da plan demişik.

Evdə uşağa da yalan demişik,

Heç yerdə bu boyda ətalət olmaz.

 

Nurlu bir arzudur hər ot, hər çiçək,

Yaşar babaların odlu ruhutək.

Hər kim nə istəsə, götürüb versək,

Bizdən gələcəyə əmanət olmaz.

 

Köçür ürəyinə məcnun çölləri,

Dillənsin qəlbinin kaman telləri.

Bil ki, oxşamasa Vətən yelləri,

Gözdə də nur olmaz, təravət olmaz.

 

Mən hara, dostluqdan bezikmək hara?

Yenə də birinci yetişdim kara.

İnsan düşməlidir çovğuna, qara,

Dara düşməyəndə dəyanət olmaz.

 

Şaxtada bərkiyib, odda bişməsək,

Kor olluq-düşməni dostdan seçməsək.

Lazımsa, uğrunda candan keçməsək,

Torpaq Vətən olmaz, məmləkət olmaz.

 

Bir qaşıq qanından qorxursansa sən,

Get uzaqda dolan, gəz vətənindən.

Diz ki güc almadı öz vətənindən

Dizdə də güc olmaz, mətanət olmaz.

 

Kimin ki insanlıq siması yoxdur,

Ona dünyanı ver-mənası yoxdur.

Harda ki ağsaqqal duası yoxdur,

Orda xeyir olmaz, bərəkət olmaz.

 

Ülvi duyğularım-ayna təbimdir,

Körpə sözlərimə layla-təbimdir.

Köksümə baş qoyan leyla-təbimdir,

Təbsiz bir ürəkdə hərarət olmaz.

 

Saldı saçlarıma dəni həsrətin,

İnsafı olmurmuş yəni həsrətin?!

Elə əsir aldı məni həsrətin,

Ay gülüm, heç belə əsarət olmaz.

 

Bir Leyli baxışlı hey oğrun-oğrun,

Məndən xəbər alır:

Hardadır Məcnun?-

Eşqə qurban getməz hər adı Məcnun,

Hər adı Kərəmdə kəramət olmaz.

 

Yatıb qalmaq idi qorxudan məni,

Sağ ol ki, ayıltdın yuxudan məni.

İndi öz dərdimdir oxudan məni,

Dərdsiz oxuyanda məlahət olmaz.

 

Hər kəs öz verdiyi sözə düz olsa,

O, əyriyə-əyri, düzə- düz olsa,

Tənqid haqlı olsa, cəza düz olsa,

Bəlkə yer üzündə cinayət olmaz.

 

Saldın qəribliyə sözümü mənim,

Necə çıxacaqsan üzümə mənim.

Əl atdın qəlbimə, gözümə mənim,

Ay “qonşu”, belə də ədavət olmaz.

 

Bir tülkü maskası taxıb yenə sən,

Təzədən yanıma dönə bilərsən.

Ancaq maskasız da tülkü lələsən,

Sənin dostluğuna zəmanət olmaz.

 

Araya ayrılıq sədləri çəkdin,

Yəqin mən ölsəm də gəlməyəcəkdin.

Ayağım altından torpağı çəkdin,

Daha bundan ağır fəlakət olmaz.

 

Vətən torpağının sərtinə qurban,

Sevincinə qurban, dərdinə qurban.

Olum düşmənimin mərdinə qurban,

Yalançı dostlarda səxavət olmaz.

 

Həyatda min çətin imtahan olar,

Gah günəş parlayar, gah tufan olar.

Ürək sevgi olar, həyəcan olar,

Ürək duyğu olar, ürək ət olmaz.

 

Ay Əşrəf, tələsmə bir zaman gələr,

Dostuna kəm baxan gözə qan gələr...

İnsana xəyanət insandan gələr,

Başqa canlılarda xəyanət olmaz.

 

****

 

BU ÜTÜK ADAMLAR, SÜRTÜK ADAMLAR

 

Bostandan inciyən, bağdan inciyən,

Bardan yarımayan “kitab” bağlayır.

Taledən inciyən, baxtdan inciyən,

Yardan yarımayan “kitab” bağlayır.

 

 

Yerinə düşmürsə, düşür yerə söz,

Yersiz söz-yel vurmuş yelin kimidir.

Yerinə düşməyən hər bakirə söz

Evdən acıq etmiş gəlin kimidir.

 

Vərəqlər tutular söz yağışına,

Hər sözün öz yükü, öz çəkisi var.

Daş o vaxt düşür ki, şeirin başına

Sözü olmayanlar şeir yazırlar...

 

Neçə ev dağıdıb, kümələr yıxıb,

Görənlər danışır “səxavət” indən.

Bu arsız nə üzlə efirə çıxıb,

Dərs verir ailə səadətindən.?..

 

Düşüb qapı-qapı “kitab” paylayır,

Sırtıqlıq qonubdur həya yerinə.

Zalımın üzündə su da qalmayıb,

Hopub üzdəniraq şeirlərinə.

 

“Üstü bəzək...” olan kitabları var,

Hələ birini də yazıb gəlibdir.

Onun bu yerlərdə nə azarı var,

Yoxsa buralara azıb gəlibdir?!

 

Yolları, izləri əzbər öyrənər,

Yazar yaddaşına azdığı yeri.

Qorxuram: bakirə qızlar öyrənə

Üzü üzlər görmüş, bu gözə girən

Sürtük adamların yazdığı şeiri,

Sırtıq adamların yazdığı şeiri.

 

***

 

GÖYDƏN ÜÇ ALMA DÜŞDÜ

 

Göydən üç alma düşdü,

Üçü də qırmızıdır.

Alma deyil, göylərin

Al paltarlı qızıdır.

 

Göydən üç alma düşdü,

Üçü də bağ alması.

Gör gedib harda bitib

Qubanın ağ alması...

 

Göylərin bağ-bağçası

Almalarla doluymuş.

Göydə alma nə gəzir,

Göydən düşən doluymuş..

 

***

 

DƏNİZ VƏ KÖRPƏLƏR

 

Günəş qızıl bayrağıdır səhərin,

Günəş doğdu, qaranlıqlar söküldü.

Budur, uşaq bağçaları

şəhərin

Yaxasından mirvaritək açılıb,

Ləpələrin bağçasına töküldü.

 

Qovuşdular onlar mavi nəğməyə,

Damla-damla sevinc qondu hər üzə,

Qəm karvanı bu yerlərdən üzüldü.

İxtiyarsız bir söz dedim dənizə,

Ləpələr də misra-misra düzüldü,

Körpələr də misra-misra düzüldü.

 

Gül açmışdı dalğaların saçında,

Qağayılar çığrışırdı, süzürdü.

Günəş zərrin barmaqları ucunda

Gözəl-göyçək balaların boynuna

Mirvarilər muncuğunu düzürdü.

 

Səma, dəniz, qağayılar, ləpələr

Bir-birinə qarışırdı sinəmdə.

Mənə elə gəlirdi ki,

bu dəmdə

Misra-misra suya düşən körpələr

Qəlbimdəki misralarda üzürdü.

 

**

 

XƏZƏRDƏ QIZLAR ÇİMİR..

 

Xəzərdə qızlar çimir,

Qızlar nəğmə oxuyur,

Nəğmələr quş qanadlı.

Sahillər bar gətirir

Sevgi adlı, yar adlı.

 

Xəzərdə qızlar çimir,

Sanki su pəriləri

Qalxıb dalğa atına.

Dənizə bax, dənizə,

Vəfalı aşiq kimi

Sərilib gözəllərin

Ayaqları altına.

 

 

 

 

Xəzərdə qızlar çimir,

Ağ bir sevinc gizlənib

Zil qara gözlərində;

Məhəbbətin, ilqarın

Sevda dənizlərində

Şirin xəyallar çimir,

Şirin arzular çimir.

 

Hardasınız, oğlanlar?

Sözü duzlu Xəzərin,

mavi gözlü Xəzərin

bəxtəvər sularında

Göyərçin qızlar çimir...

 

**

 

BİR AZ BU DƏNİZ DƏ MƏNƏ BƏNZƏYƏR

 

Yenə gəl-gəl deyər mavi dənizim,

Mən də qanadlanıb uçaram yenə.

Gənclik illərimdə sevdiyim qızın

Sanki görüşünə qaçaram yenə.

 

Sızlar ayağımda daşların ərki,

Uşaqtək sarmaşar yosunlar mənə.

Balıqlar yanıma üzüb gələr ki,

Ürək sözlərini desilnər mənə.

 

Bir an qayğılardan uzaqlaşaram,

Mənə günəş baxar, mənə ay baxar.

Suya girən kimi uşaqlaşaram,

Göyün ulduzları köksümə axar.

 

Ona doğmam kimi qaynayar qanım,

Duyğutək çırpınar döşümün altda.

O mavi səmalar-mavi yorğanım,

Ay da bəyaz balınc-başımın altda.

 

Mənim sevinc payım, səadət payım,

Ləpəsi saçımda dənə bənzəyər.

O qumlu sahilə atılan qayıq,

Ömürdən yaşanmış günə bənzəyər.

Özünü sulara çırpan qağayı,

Bir az bu xislətdə mənə bənzəyər.

Sahildə çırpınan o gümüş balıq,

Vətənə həsrətdə mənə bənzəyər.

 

Köklənər dünyanın qəmləri üstə,

Bir az bu dəniz də mənə bənzəyər.

Dövləti daşınar, varı talanar,

Sərvəti çapılar-mənə bənzəyər.

Bir gün bu sahilin qumları üstdə

Günbatan tərəfdə gülzarı qalan,

Hər dağın döşündə məzarı qalan,

Əli o dağlara uzalı qalan,

Köksü titrəməyən, nəbzi vurmayan,

Bir qoca tapılar-mənə bənzəyər...



Seçilən
70
herbiand.az

1Mənbələr