AZ

Nadir İsrafilov: “Sən demə, bəzi xəstəliklər kimi akademik göstəricilər də irsən keçirmiş…”

"Bəzi xəstəliklərin 7 nəsildən sonra da olsa, irsən keçiciliyi ehtimalını bilirdim. Ancaq, ali təhsilli valideynlərin övladlarının da nəsillikcə yüksək göstəricilərə nail olmalarını birici dəfə eşidirdim".TehsilForumu.Az xəbər verir ki, bu barədə tanınmış təhsil üzrə ekspert Nadir İsrafilov açıqlama verib.    "Hesab edirəm ki, Nazirin “Akademik ailələrdə böyüdülmüş uşaqların göstəriciləri ali təhsili olmayan ailələrdə böyüdülən uşaqların göstəricilərindən daha yüksəkdir” və ya “Orta statistik göstəricilərə əsasən, anası ali təhsilli olmuş mühəndislik, riyaziyyat sahələrini seçmiş qızların sayı anası ali təhsilli olmayan qızların sayından çoxdur” kimi açıqlamaları onun subyektiv fikirləridir və heç də hamı tərəfindən birmənalı qarşılana bilməz. Bununla belə, digərlərini deyə bilmərəm, şəxsən mənim anam o vaxtkı 7 illik məktəbi bitirib, evdarlıqla məşğul olub. Atam da obyektiv və subyektiv səbəblərdən orta təhsilini yarımçıq qoymaq zəruriyyəti qarşısında qalıb. Daha konkret desək, hər ikisi nəinki, ali təhsil almayıb, heç orta məktəbi belə başa vurmayıblar. Bununla belə, həmin natamam təhsilli valideynlərimin övladı olaraq, mən universitet təhsili ilə kifayətlənməyib, aspiranturada akademik təhsil belə almışam, elmi fəaliyyətlə məşğul olub, müxtəlif ali məktəblərdə mühazirələr oxumuşam, müxtəlif idarəetmə orqanlarında rəhbər vəzifələrdə çalışmışam, onlara kitabın, digər tədris vəsaitlərinin müəllifiyəm. Yeganə olan qardaşım o vaxtlar “Politexnik” adlanan, indiki “Texniki universiteti” bitirib, mühəndislik ixtisasına yiyələnib. Daha sonra isə Polis Akademiyasında təhsilini davam etdirərək, respublikamızın müxtəlif rayonlarında rəis müavini, polis rəisi vəzifələrində çalışaraq, polkovnik vəzifəsinə qədər yüksəlib. Ölkəmizin bütövlüyü uğrunda gedən Qarabağ savaşının fəal iştirakçısı olub. Mən bu və bu kimi məsələlərə “Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq” kitabımda münasibət bildirmişəm. Ali təhsilsiz valideynlərin ali təhsilli övladları barədə yüzlərlə konkret misallar da çəkə bilərəm. Əksinə, akademik ailələrdə böyüdülmüş uşaqlar arasında kifayət qədər “Papasının balası” ruhunda böyüyən, tüfeyli həyat tərzi keçirən xeyli sayda yeniyetmə və gənclərin olmasından da yəqin ki, çoxları xəbərsiz olmamış deyillər. O ki, qaldı ali təhsilli ailələrin olmasının çox vacibliyinə, əlbəttə ki, bu müzakirə predmeti ola bilməz. Nəzərə alsaq ki, hər bir valideynin də arzusu övladının ali təhsilli, daha doğrusu, diplomlu olmasıdır, deməli, bu istək reallaşarsa, ali təhsilli ailələrin sayı da xeyli çoxalmış olar. İstənilən halda, Nazirin sözügedən açıqlamaları “Qızların təhsil hüququ”na diqqət çəkmək baxımından faydalı ola bilər…."

Seçilən
45
1
tehsilforumu.az

2Mənbələr