Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 28-ci turu çərçivəsində baş tutan “Çorum”la oyunun iştirakçısı olub.
Hansı ki, bu komandada digər azərbaycanlı futbolçu Coşqun Diniyev çıxış edir. “Boluspor” səfərdə baş tutan bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0.
İsgəndərli qarşılaşmanın 82-ci dəqiqəsində meydana buraxılıb. Azərbaycanlı futbolçu bu görüşdə fərqlənə bilməyib.
Coşqun isə bu oyunun iştirakçısı olmayıb. O, komandasının məğlubiyyətini sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Boluspor” 28 oyuna topladığı 41 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Vüsalın komandası bu oyunlarda 11 qələbə qazanıb, 8 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb. Son dörd oyunda qələbəyə həsrət olan, bunlardan üçündə məğlub olmuş “Çorum” isə 39 xalla 10-cu sıraya düşüb. Coşqunun komandası 28 oyuna 10 qələbə qazanıb, 9 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 30 matça çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.
Diniyev baş məşqçisiz qaldı
Coşqun Diniyev isə bu ilin fevral ayında Türkiyənin digər klubu “Bandırmaspor”dan azad agent kimi ayrılaraq “Çorum”la 1,5 illik (2026-cı ilin 30 iyununadək) müqaviləyə imza atıb. “Çorum”da 4 matça çıxmış azərbaycanlı futbolçu 2 qolla yadda qalıb.
Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində 20 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.
Coşqun Diniyev daha öncə ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının da heyətində 28 oyun keçirib.
Yeri gəlmişkən, “Çorum”un “Boluspor”a məğlubiyyəti bu komandanın baş məşqçisi Serkan Özbaltanın istefası ilə nəticələnib. Matçdan sonra klub sosial şəbəkə hesabında türkiyəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb. Coşqunun komandasına bundan sonra kimin rəhbərlik edəcəyinə qarşıdakı günlərdə aydınlıq gələcək.