Beyləqan rayonunda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib.
“Qafqazinfo” xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Olimpiya idman kompleksində keçirilən tədbirdə İcra
Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının əməkdaşları, dövlət orqanlarının, yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, idmançılar və rayon ictimaiyyəti iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən icra başçısı Əziz Əzizov idmançıları və idmansevərləri 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, idmanın inkişafında və gələcək yarışlarda onlara uğurlar arzulayıb.
Qeyd edib ki, ölkəmizin idman sahəsində qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Rayon rəhbəri qabaqcıl idman ölkələrindən biri olan Azərbaycanın hazırda beynəlxalq olimpiya hərəkatının fəal üzvlərindən biri olduğunu vurğulayıb.
Çıxış edən karate idman növü üzrə məşqçi-müəllim Sahib Nəsibov, alpaqut döyüş növü üzrə məşqçi-müəllim İlham Quliyev də bütün idman ictimaiyyətini təbrik edib, ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb.
Tədbirdə bir qrup idmançı və məşqçi-müəllimlər idman sahəsində qazandığı nailiyyətlərə görə Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunub.
Tədbirin rəsmi hissəsindən sonra yeniyetmə və gənc idmançıların nümunəvi çıxışları nümayiş olunub.
Sonda idmançılarla xatirə şəkli çəkilib.






