AZ

“Sivasspor” Ömər Ərdoğanı Rıza Çalımbayla əvəzlədi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Sivasspor” klubunda baş məşqçi Ömer Ərdoğan istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Xeyli müddətdir qələbə üzünə həsrət qalmış, son beş matçında dörd məğlubiyyət görmüş Sivas təmsilçisi hazırda 24 xalla düşmə xəttində, 16-cı pillədə qərarlaşıb. Bu üzdən klub rəhbərliyi mövsümü xilas etmək və Super Liqada qalmaq üçün yeni baş məşqçi axtarışına çıxmaq qərarına gəlib.

Qeyd edək ki, Sivas təmsilçisi Super Liqanın cari mövsümündə cəmi 6 qələbə qazandığı halda 6 heç-heçə edib. 13 qarşılaşmada isə məğlubiyyət qeydə alınıb.

Ömər Ərdoğan ötən il dekabrın 16-da baş məşqçi təyin edilmişdi. 47 yaşlı mütəxəssis bu komandanı cəmi 12 oyuna çıxarıb, 1 qələbə, 3 heç-heçə, 8 məğlubiyyət görüb. O, daha öncə “Alanyaspor”, “Ankaragücü”, “Hatayspor” və “Fatih Karagümrük”də də baş məşqçi kimi çalışıb.

Artıq “Sivasspor”un yeni baş məşqçisi də məlumdur. Elita təmsilçisi Rıza Çalımbaya tapşırılıb. 62 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib.

Xatırladaq ki, Çalımbay Sivas təmsilçisi üçün tanış mütəxəssisdir. O, iki fərqli dönəmdə 7 ildən çox bu komandaya rəhbərlik edib. Təcrübəli mütəxəssis karyerası ərzində “Hataysor”, “Beşiktaş”, “Konyaspor”, “Trabzonspor”, “Antalyaspor”, “Kasımpaşa”, “Mersin İdman Yurdu”, “Rizəspor”, “Əskişəhərspor”, “Ankaraspor”, “Ankaragücü”, “Dənizlispor” və “Göztəpə”də də baş məşqçi kimi çalışıb.

Seçilən
19
arena.az

1Mənbələr