AZ

“Azərbaycanla matçdan maksimum faydalanmaq lazımdır”

“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa Belarus yığmasının yoldaşlıq görüşü üçün Azərbaycan və Tacikistan millilərini seçməsinə münasibət bildirib.

Msport.az xəbər verir ki, 44 yaşlı mütəxəssis indiki halda böyük komandalarla qarşılaşmağın onlara mənfi təsir edəcəyini düşünür.

Baqa millilərində debütantlar olduğunu xatırladaraq, bunun riskli olacağını hesab edir: “İndi Norveç, Çexiya və ya Slovakiya ilə oynamaq ölkə xaricinə səfər, vizalar və nəqliyyat deməkdir. Bu baxımdan Düşənbəyə getmək daha rahatdır. Oradakı rəqibin də zəif olacağını düşünmürəm. Bundan başqa, millimizdə çox sayda debütant var. Bu baxımdan hazırkı rəqiblər bizim üçün ən uyğun seçimdir. Çünki ölkə çempionatının ilk turundan sonra Norveçlə oynayıb 5 qol buraxmaq və milliyə yeni qoşulanların özgüvəninə zərbə vurmaq yaxşı olmaz”.

2022-ci ildə “Sumqayıt”a rəhbərlik etmiş çalışdırıcı Azərbaycan və Tacikistanı da zəif komanda saymır: “İstənilən futbolçu və məşqçi güclü rəqiblərlə oynamaq, təcrübə toplamaq istəyər. Bunu özüm də yaşamışam. Ancaq indiki durumda Tacikistan və Azərbaycanla matçdan maksimum faydalanmaq lazımdır. Bəlkə də, futbolçularda inam yaranması üçün indi gücümüzə bərabər rəqiblərlə oynamaq daha məqsədəuyğundur. Həm də yeni coğrafiya və möhtəşəm stadionlar olacaq. Komandamız üçün istənilən halda çətin olacaq”.

Qeyd edək ki, Azərbaycan – Belarus oyunu martın 25-də “Bank Respublika Arena”da keçiriləcək.

Seçilən
36
msport.az

1Mənbələr