AZ

Sərbəst yaşamaq və aliment üçün boşanan qadınlar: Millət vəkili haqlıdır?

Deputat Razi Nurullayevin Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Bu gün boşanmaların artmasının səbəbi qadınların sərbəst qalmaq və aliment almaq istəklərinin olmasıdır” deməsi geniş müzakirəyə yol açdı. Sosial şəbəkələrdə bu fikirlərə görə deputatı tənqid edənlər də oldu, haqq qazandıranlar da.

Əsas səbəbkarın kim olduğunu dəqiq bilməsək də, statistika göstərir ki, son illərdə boşanmaların sayı sürətlə artmaqdadır. Əgər Razi Nurullayevin fikirləri ilə razılaşsaq, bu zaman ortalığa maraqlı sual çıxır: Qadının həyat yoldaşının qazancı ilə dolanmaq imkanı olduğu halda niyə boşanıb həmin qazancın müəyyən hissəsinə razı olsun? Üstəlik yaşamağa evi olmayan qadınlar övladları ilə valideynlərinə sığınır, ya da kirayələrdə sürünməli olur. Qarşı tərəfin verdiyi aliment isə məhz uşaq üçün nəzərdə tutulur. Çünki təyin olunan aliment ancaq qidaya bəs edir, digər təlabatları ödəmir. Saymaqla bitməyən digər xərcləri isə yenə qadın qarşılamalı olur.

İndi gələk, millət vəkilinin sözü ilə desək, qadınların sərbəst qalma istəyinə görə boşanmasına.

20-30 il əvvəlki dövrlə indiki dövrü müqayisə etsək, bu gün ailəli qadınların sərbəst yaşama imkanları daha genişdir. Qadınların hüquqları demək olar ki, daha çox qorunur. Valideynlər qız övladlarının təhsil alması üçün daha çox can atır. Bu gün təhsilli bir qadına “sən işləmə, evdə otur” deyən kişiyə nadir hallarda rast gəlinir. Və kişilər də qadınların işləməsinin ailəyə dəstək olduğunu yaxşı bilir.

Boşandıqdan sonrakı proseslər, cəmiyyətin boşanmış qadına münasibəti və sair çətinlikləri gözdən keçirən bir şəxs ciddi səbəb olmasa, ailəsini, uşaqlarını 200-300 manat alimentə, sərbəst yaşamağa qurban verər? Təbii ki, yox.

Qeyd edək ki, Razi Nurullayevin fikirlərinə münasibət bildirən millət vəkili Fazil Mustafa Publika.az-a açıqlamasında boşanma ilə bağlı yalnız qadınların ittiham olunmasının doğru olmadığını vurğuladı:

“Burada çoxsaylı səbəblər var. Deputat həmkarlarımın dedikləri də səbəblərdən biridir. Ancaq boşanma ilə bağlı təkcə qadınları ittiham etmək olmaz. Kişilərin də bu məsələdə ayrıca günahı var. Mən deyərdim ki, boşanmalar daha çox təhsilsizliklə bağlıdır. Ümumi dünyagörüşü, səviyyə və digər faktorlar da burada öz rolunu oynayır. Ona görə də bu məsələdə fərqli yol izləməliyik. Ailə institutunun möhkəmlənməsi üçün birinci onun sosial-iqtisadi təməlini gücləndirməliyik ki, bu sıxıntılar əsas problemə çevrilməsin.

İkinci isə ümumiyyətlə, mənəvi atmosferimizi zənginləşdirəcək strategiya həyata keçirilməlidir. Yəni artıq mənəvi atmosfer pozulmaqdadır. Bu da orta məktəblərdən başlayır. Məktəbin infrastrukturu, mühiti dəyişməlidir. Aurası dəyişilməlidir ki, uşaq ailə məsuliyyətini daşıyacaq, ləyaqətini qoruyacaq formada özünü hazırlaya bilsin. Əsas səbəblərdən biri budur”.

Mövzuya dair fikirlərini bölüşən sosioloq Üzeyir Şəfiyev isə bildirdi ki, boşanmaların səbəbi cəmiyyətdə düşüncə transformasiyası ilə bağlıdır:

“Cəmiyyətimiz əvvəllər kişi mərkəzli, ənənəvi, patriarxat cəmiyyət idi. Və bu cəmiyyətdə bilirsiniz ki, ictimai qınaq, sosial və ictimai nəzarət çox güclü olur. Ailə, fərd və digər təsisatlar üzərində cəmiyyətin nəzarəti olur və cəmiyyət öz-özünü tənzimləyən sistem kimi bütün bu proseslərə nəzarət edir. Ona görə də həmin dövrlərdə boşanmlarar ailə dramı, ailə faciəsi kimi qarşılanırdı. Ancaq açıq cəmiyyətə, qlobal dünyaya inteqrasiya olunduqdan sonra seriallar, filmlər, əcnəbi həyat tərzləri ilə tanışlıq Azərbaycan adamının düşüncəsində də dəyişiklik transformasiyasına səbəb oldu. Başa düşdülər ki, boşanma heç də ailə dramı, ailə faciəsi deyil və boşanıb yaşamaq da olar. Yavaş-yavaş bu köhnə strotiplər, cəmiyyətin fərd üzərində nəzarəti yavaşlamağa başladı. Bundan sonra insanlar daha eqoist və hedoniz zövqə düşkün bir həyat tərzinə meyillənməyə başladı. Bu da şübhəsiz ki, ailə dəyərlərində də dəyişmələrə, transformasiyalara gətirib çıxardı”.

Seçilən
30
2
publika.az

3Mənbələr