AZ

Oskarla mükafatlandırılan 6 ƏN YAXŞI FİLM - (FOTO)

Yazını böyüt
Yazını kiçilt

“Oskar-2025”in qalibləri açıqlandıqdan sonra mükafat sahibləri illər boyu müzakirə olunacaq və bəzi filmlər tarixdə silinməz iz qoyaraq bütün zamanların ən yaxşı layihələrindən birinə çevriləcək. Əksər insanlar bu baxımdan "Titanik"ə istinad edirdisə, lakin bu, rekorda imza atan yeganə film deyil.

Hafta.az bu məqalədə “Oskar” mükafatlarının sayına görə kino tarixində böyük əhəmiyyət kəsb edən filmləri xatırlayır:

"Ben-Hur" (1959)

Bu film 12 nominasiya üzrə namizəd olub və 11 mükafat qazanıb.

"Ben-Hur" Oskar tarixində ən çox mükafatlandırılan filmlərdən biridir (11 dəfə). Film yəhudi Ben-Hur (Şarlton Heston) və onun romalı uşaqlıq dostu Messala (Stiven Boyd) arasındakı rəqabətdən bəhs edir. İllər sonra Messala Roma İmperiyasının ordusunda yüksək rütbəli zabit olur. Uşaqlıq dostundan yəhudilərin harada olduğunu soruşur, lakin xalqının dəyərlərini müdafiə edən Ben-Hur onları satmır. Nəticədə onların arasında münaqişələr başlayır.

Messala Ben-Huru böhtana görə həbs edir və onu qul olaraq qalalara göndərir. Sınaqdan keçmiş Ben-Hur Roma vətəndaşı olur və Messaladan qisas almaq üçün geri qayıdır.

"Titanik" (1997)

Kino aləminin ən yaddaqalan bu ekran əsəri 14 nominasiya üzrə 11 mükafat alıb. 1912-ci ildə "Titanik"in batmasının əsl faciəsinə əsaslanan film kassada 2 milyard dollardan çox gəlir əldə edib. Süjetə görə, varlı ailədən olan Rouz Kel Hokli adlı zəngin oğlanla nişanlanmağa məcbur olsa da, təsadüfən gəmidə yoxsul rəssam Ceklə tanış olur. İki gənc bir-birinə aşiq olur, lakin onların sevgisi sosial təbəqələr arasındakı fərqə görə maneələrlə üzləşir. Gəmi okeanda aysberqə çırpılır və batmağa başlayır. Cek və Rouz birlikdə qaçmağın yolunu axtarırlar, lakin sonda oğlan buzlu suda ölür, qız isə sağ qalır.

Ceyms Kemeron diqqəti cəlb edən, zəngin duyğular palitrası oyadan, ikinci və sonrakı baxışlarda darıxmayan mükəmməl film yaratmağı bacarıb. Buna görə də "Titanik" 11 heykəlcik qazandı və sələfi "Ben-Hur"un rekordunu təkrarladı.

"Üzüklərin hökmdarı: Kralın qayıdışı" (2003)

Bu mürəkkəb fantastik film 11 nominasiya üzrə 11 mükafat qazanıb. Filmi çəkmək üçün ssenaristlər ingilis ədəbiyyatının möhtəşəm nümunəsini ekran əsərinin ölçüsünə endirmək üçün çox çalışmalı idilər.

Xeyir və şər, hobbitlər, elflər, orklar, krallar və kraliçalar arasındakı döyüş - möhtəşəm aktyorlar və xüsusi effektlər olan bu film fantastika həvəskarları üçün yeni təcrübədir. Film Oskarların sayına görə (11 heykəlcik) daha bir rekordçu adını qazandı və tarixdə “Titanik”dən sonra kassada 1,1 milyard dollardan çox gəlir əldə edən ikinci film oldu.

"Xarabalıqlar Milyonçusu" (2008)

Hindistandan bəhs edən bu məşhur film 10 nominasiya üzrə 8 mükafat almağı bacarıb.

Filmin baş qəhrəmanı Camal Malik Mumbayda gecəqondu və zibilliklərdə böyümüş yetim uşaqdır. O, Hindistanın məşhur “Kim milyonçu olmaq istəyir?” proqramında iştirak edərək bütün suallara düzgün cavab verir və finala çıxır.

Adi bir qulluqçunun belə çətin suallara cavab verə bilməyəcəyini düşünən polis Camaldan dələduzluqda şübhələnir. Filmdə Camalın uşaqlıq xatirələri vasitəsilə hər sualın cavabını necə öyrəndiyi göstərilir. Bunun ən təsirli tərəfi Camalın var-dövlət üçün deyil, sevgi tapmaq üçün verilişdə iştirak etməsidir. Son suala verdiyi cavab Camala həyatının ən böyük hədiyyəsini verir.

Qeyd edək ki, film 8 Oskar, 4 Qızıl Qlobus, 7 BAFTA və 100-dən çox başqa beynəlxalq mükafat qazanıb.

"Oppenheimer" (2023)

Son illərin ən məşhur filmlərindən olan “Oppenheimer” 13 nominasiya üzrə 7 mükafat qazanıb.

Kristofer Nolanın "Oppenheimer" filmi ABŞ-da nüvə silahının inkişafı haqqındadır və 2023-cü ilin iyulunda nümayiş etdirilib. Bu filmdəki rollarına görə Emili Blant və Killian Mörfi Ən Yaxşı Köməkçi Aktrisa və Ən Yaxşı Aktyor nominasiyalarında Akademiya Mükafatına namizəd olublar.

Film Manhetten Layihəsində fizik Culius Robert Oppenheymerin atom bombasının yaradılmasındakı rolundan bəhs edir. O, kvant mexanikasında dərin tədqiqatlar aparır. Sonra ən böyük elm adamları Los Alamos laboratoriyasında toplanır və tarixdə ilk nüvə silahını hazırlayırlar. ABŞ Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə Oppenheymer bombası ataraq müharibəni bitirir.

Oppenheymer bu nailiyyəti ilə fəxr etsə də, bəşəriyyətə vurduğu ziyana görə özünü günahkar hiss etməyə başlayır. Müharibədən sonra o, nüvə silahının yayılmasına qarşı çıxır, lakin ABŞ hökuməti onun kommunistlərlə əlaqədə olmasından şübhələnir və siyasətçilər onu gözdən salmağa çalışırlar. Nəticədə onu elmi dairələrdə sıxışdırırlar.

"Dune" (2021)

Bu film də 10 nominasiya üzrə 6 mükafat ala bilib.

Denis Villeneuvenin fantastik blokbasteri “Dune” filminin premyerası 3 sentyabr 2021-ci ildə 78-ci Venesiya Beynəlxalq Film Festivalında baş tutub və 22 oktyabr 2021-ci ildə ABŞ-da kinoteatrlarda nümayiş olunub. Büdcəsi 165 milyon dollar olan film dünya üzrə 400 milyon dollardan çox gəlir əldə edə bilib.

Film bəşəriyyətin min ildən sonrakı gələcəyindən bəhs edir. İşıq sürətli səyahətlər inkişaf edir və insanlar bir çox dünyaları müstəmləkə etməyə başlayırlar. Bəşəriyyət ekstrasensor qavrayış və müharibə silahları da daxil olmaqla, texnologiyanın müxtəlif sahələrini inkişaf etdirməyə davam edir. Əvvəlcə müxtəlif planetləri idarə edən bir neçə Böyük Ev tərəfindən idarə olunan İmperiya adlı feodal qalaktikası yaranır.

“Dune” kimi tanınan Arrakis planeti insanlarda böyük maraq doğurur. Demək olar ki, heç vaxt yağış yağmayan bu səhra planeti, ömrünü uzadan xüsusi bitki, melanjın tapıla biləcəyi yeganə planetdir. Lakin onu əldə etmək təkcə Arrakisin sərt mühitinə görə deyil, həm də səhra qumlarında istənilən ritmik səslərə oyanan nəhəng qum qurdlarının mövcudluğuna görə çətin məsələdir. Arrakisin nəzarəti, onun bitkilərinin istehsalı və insan inkişafına təsiri min illik qarşıdurmanın mərkəzinə çevrilir.

Seçilən
10
hafta.az

1Mənbələr