AZ

DOGE USADF əməkdaşlarını işdən çıxarmağa çalışarkən müqavimətlə üzləşib

ABŞ-Afrika İnkişaf Fondunun (USADF) əməkdaşları Hökumətin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) nümayəndələrini öz ofislərinə buraxmayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, İlon Maskın rəhbərlik etdiyi qurum USADF-i ləğv etməyi planlaşdırır. DOGE nümayəndələri işçiləri işdən çıxarmaq üçün Fondun ofislərinə daxil olmağa cəhd ediblər, lakin içəri buraxılmayıblar. İdarənin əməkdaşları onları növbəti gün ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri ilə birlikdə qayıdacaqları ilə hədələyiblər.

Qəzetin məlumatına görə, USADF-də təxminən 50 nəfər işləyir. O, Senat tərəfindən təsdiqlənən yeddi üzvdən ibarət direktorlar şurası tərəfindən idarə olunur. Rəsmi saytının məlumatlarına görə, Fond Konqres tərəfindən "müstəqil hökumət agentliyi" kimi təsis edilib və onun vəzifəsi Afrika sahibkarları, həmçinin kiçik və orta biznes üçün investisiyaların cəlb edilməsidir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın inauqurasiyasından dərhal sonra DOGE ABŞ-nin büdcə xərclərinin geniş yoxlanılmasına başlayıb. Ümumilikdə İ.Mask Birləşmiş Ştatların dövlət xərclərini 2 trilyon dollar azaltmağı planlaşdırır.

Seçilən
9
report.az

1Mənbələr