AZ

Haland Messinin hansı keyfiyyətinə malik olmaq istərdi?

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland argentinalı ulduz hücumçu Lionel Messi ilə bağlı sualı cavablayıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, “qolçu vikinq”ə argentinalı ulduz Messinin hansı keyfiyyətinə malik olmaq istəməsi ilə bağlı sual ünvanlanıb:

“Mən öz oyunuma nəyi əlavə edərdim? Malik olmaq istədiyim çoxlu keyfiyyətlər var, amma düşünürəm ki, mən Messinin driblinqini seçərdim”, deyə norveçli futbolçu bildirib.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib.

Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 28 qol vurub, 4 məhsuldar ötürmə verib.

Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 135 oyun, 118 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 39 oyuna 38 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu, Halandın dünyanın ən bahalı iki futbolçusundan biri olduğu deməkdir (digəri “Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Juniordur).

Seçilən
21
arena.az

1Mənbələr