AZ

QHT-lərin tələbi Agentliyin illik qrant büdcəsini 4 dəfə üstələyir - Ülviyyə Qarayeva

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-a verdiyi müsahibəsində 2025-ci il üzrə QHT-lərdən daxil olan rekord sayda layihə təkliflərini və Agentliyin maliyyə imkanlarını açıqlayıb.

Əgər 2025-ci il üzrə QHT-lərin müsabiqələrə təqdim etdikləri layihələr üzrə Agentlikdən istədiyi vəsaitdən danışırıqsa, bu, təxminən 17 milyon manata yaxındır. Tələb Agentliyin illik qrant büdcəsini təxminən 4 dəfə üstələyir. Donorun daxil olan hər bir layihə təklifini maliyyələşdirmək öhdəliyi yoxdur. Bəzən müşahidə edirik ki, layihəsi qalib olmayan bir sıra QHT sədrləri güman edir ki, Agentlik guya onlarla əməkdaşlıq etmək istəmir və ya onları qəbul etmir. Məsələ belə deyil. Biz qrant müsabiqələrində şəxsləri deyil, QHT-lərin təqdim etdiyi layihələri qiymətləndiririk. Fikir verirsinizsə, artıq müsabiqələrin nəticələri açıqlananda QHT sədrinin adı qeyd olunmur, layihəsi qalib gələn QHT, layihənin adı, qrant məbləği göstərilir. Agentlik layihəsi qalib olmayan QHT-lərlə də sıx əməkdaşlıq edir. Onları Agentliyin təşkilatçılığı ilə baş tutan bütün tədbirlərdə görə bilərsiniz. Məsələn, ötən il Zəngilanda keçirilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda iştirak edən QHT-lərin təxminən 50%-i qrant müsabiqəsində layihələri qalib olmayanlar idi. COP29-la əlaqədar ötən il Agentlik xətti ilə onlarla tədbir keçirilib. Bu tədbirlərdə qrant müsabiqələrində layihəsi qalib olmayan QHT təmsilçiləri də olduqca fəal iştirak edib, onların əməyini yüksək qiymətləndiririk. Bəziləri ötən il dövlət tərəfindən COP29-da fəal iştiraka görə təltif də olunub. Bundan başqa, Agentliyin xətti ilə xarici ölkələrə QHT təmsilçilərinin iştirakı ilə müxtəlif səfərlər təşkil olunur. Həmin səfərlərdə də layihəsi qalib olmayan QHT nümayəndələrini görə bilərsiniz. Bundan başqa, il ərzində səfər qrantları açıqdır. İctimai faydalı təşəbbüsləri dəyərləndirmək bizim birbaşa marağımızdadır. Əgər 2022-ci ildə səfər qrantları ilə xarici ölkələrə səfər etmiş QHT təmsilçilərinin sayı 16 nəfər idisə, 2024-cü ildə bu rəqəm 38 nəfər olub. Bilirsiniz, vaxtilə bəzi QHT təmsilçiləri beynəlxalq tədbirlərdə iclaslar bitəndən sonra kürsülərdə alovlu çıxışlar edərək, sonra onları iclasdakı kadrlarla montaj edib sosial mediada yaymaqla, özlərindən “yalançı qəhrəman” obrazı yaradıblar. Ötən il Agentliyin donorluğu ilə olan layihələrdə bir belə fakt da aşkar olunmayıb. Əksinə, biz xarici auditoriyalarda, beynəlxalq təşkilatlarda Azərbaycan QHT təmsilçilərinin uğurlu, təsirli iştirakını müşahidə edirik. Onlar tamamilə yeni əlaqələr, yeni körpülər qururlar. Əminliklə deyə bilərik ki, Azərbaycan QHT-ləri artıq beynəlxalq miqyasda ciddi iş aparır.

 

Seçilən
102
15
qht.az

10Mənbələr