AZ

“Tramp Ukraynanı “kor qoymaq” istəyir” - “Amma bu, alınmayacaq”

Ukraynanı həyati vacib kəşfiyyat vasitələrindən təcrid etməklə, Birləşmiş Ştatlar özünü də təcrid edir – xüsusən də kosmosda. Lakin bu, hər nə qədər çətin olsa da, Ukraynanın dinc sakinləri Rusiyanın raket zərbələrindən qorumaq səylərini dayandıra bilməyəcək.

“AzPolitika” xəbər verir ki, “Forbes” nəşrində dərc edilən məqalədə belə deyilir.

Yazıda qeyd olunur ki, ABŞ Ukraynanı kəşfiyyat vasitələrindən məhrum etməklə “kor qoymaq” istəsə də, bu, tam alınmayacaq.

Eyni zamanda, nəşr vurğulayır ki, Ukraynanın avropalı müttəfiqləri kiçik miqyasda da olsa, ABŞ-də olan kosmik imkanların çoxuna malikdir: “Bundan əlavə, kommersiya şirkətləri də oxşar xidmətləri göstərir. Belə ki, məsələn, hələ 2022-ci ildə Ukrayna Finlandiyanın “Iceye” şirkətindən radar müşahidə peykini 17 milyon dollara icarəyə götürüb. İki il sonra Almaniya “Rheinmetall” və “Iceye” vasitəsilə Ukraynanın kosmik müşahidə imkanlarının genişləndirilməsi xərclərini ödəyib. Hollandiya isə peykləri müntəzəm olaraq Yerin demək olar ki, bütün səthinin fotoşəkillərini çəkən Amerika şirkətinə məlumatlara giriş üçün 13 milyon dollar ödəyib. Hollandiyanın 2024-cü il memorandumu çərçivəsində ukraynalılarla kəşfiyyat məlumatlarını paylaşdığı bildirilir. Ukrayna həmçinin Avropanın ən böyük kosmik dövlətlərindən: Böyük Britaniya, İtaliya və Fransadan kosmik məlumatlar alır. Polşa isə “Starlink”-in xidmətləri üçün pul ödəyir, hətta Ukraynanın bu sistemə girişinin bloklana biləcəyi ilə bağlı xəbərlərlərə baxmayaraq, maliyyələşdirməni davam etdirdiyini təsdiqləyir. Bundan əlavə, Fransa-Britaniya peyk rabitəsi şirkəti “Eutelsat” hazırda Ukraynaya xidmət göstərmək üçün Avropa İttifaqı ilə danışıqlar aparır”.

Nəşr yazır ki, Ukraynanı məhdudlaşdırmaq cəhdləri zamanı ABŞ-nin “özünü təcrid etməsinə” gəlincə, məsələ ondadır ki, ABŞ ordusu və kəşfiyyat xidmətləri heç də həmişə bütün kəşfiyyat məlumatlarını özləri yaratmırlar – onlar həmçinin məlumat mübadiləsindən, xüsusən də Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya kəşfiyyatından faydalanırlar. Lakin ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında bu ittifaq dağıla bilər: “Axı, Kanada ilə artan ticarət müharibəsi və onun Kanadanı 51-ci ştat olaraq ABŞ-yə qoşulmağa məcbur etmək kimi qəribə ideyası fonunda Trampın müşaviri Peter Navarro Kanadanın bu ittifaqdan çıxarılmasına çağırıb ki, bu da onun bütün üzvlərinə zərər verəcək”.

Qeyd edək ki, əksər hərbi ekspertlərin fikrincə, Trampa görə NATO üzvləri arasında kəşfiyyat məlumatlarının mübadiləsi təhlükə altındadır. Qeyd olunur ki, Macarıstan və Slovakiyanın rusiyayönlü mövqeyinə görə onsuz da çətin vəziyyət yaranmışdı, lakin indi ABŞ və Rusiya yaxınlaşdıqdan sonra Vaşinqtonla da kəşfiyyat məlumatlarını bölüşməyin təhlükəsiz olub-olmaması ilə bağlı narahatlıqlar yaranıb.

C.Məmmədov

“AzPolitika.info”

Seçilən
15
1
azpolitika.info

2Mənbələr