AZ

Türkmən qazı İran üzərindən İraqa çatdırılır

BAKI,TurkicWorld

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və İraq Respublikasının Baş naziri Məhəmməd Şiya Əl-Sudani arasında telefon danışığı baş tutub.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Türkmənistan və İraq Respublikası siyasi-diplomatik, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığı genişləndirir.

Bu kontekstdə Türkmənistan Prezidenti İraqın ölkənin daimi neytrallıq statusunu və BMT-dəki beynəlxalq təşəbbüslərini dəstəkləməsinə görə minnətdarlığını ifadə edib.

Dövlət başçısı ikitərəfli diplomatik münasibətlərin aktivləşdirilməsinin vacibliyini vurğulayaraq, Aşqabadda İraq Respublikasının diplomatik nümayəndəliyinin açılması və səmərəli fəaliyyəti üçün bütün şəraitin yaradılacağını bildirib.

Bildirilib ki, Türkmənistan enerji resurslarını dünya bazarına müxtəlif marşrutlarla çatdırmaq siyasətinə sadiqdir. Bu çərçivədə, iki il əvvəl Türkmənistan və İraq qaz sahəsində birgə işə başlayıb və hər il 10 milyard kubmetr türkmən təbii qazının "swap" üsulu ilə qonşu İran ərazisindən İraqa çatdırılması barədə fundamental razılıq əldə edilib.

Baş nazir Məhəmməd Şiya Əl-Sudani İraqın bu sahədə əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu və bunun üçün zəruri tədbirlərin görüldüyünü bəyan edib.

Bundan əlavə, Türkmənistan Prezidenti Baş nazir Məhəmməd Şiya Əl-Sudanini Aşqabadda keçiriləcək beynəlxalq foruma dəvət edib.

Seçilən
18
turkic.world

1Mənbələr