AZ

Azərbaycanda "od", Amerikada "kül" ÇƏRŞƏNBƏSİ

Bu həftə dünyanın müxtəlif yerlərində fərqli dini və mədəni ənənələrə uyğun olaraq xüsusi günlər qeyd olunub.

Modern.az-ın məlumatına görə, həftənin ikinci günü Azərbaycanda od çərşənbəsi qeyd olunub. 

Bu çərşənbə el arasında həm də “Üsgü çərşənbə”, “Adlı çərşənbə” kimi də adlandırılır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, həmin gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Od çərşənbəsi yeni həyatın, baharın, istiliyin gəlişini simvolizə edir. Ənənəyə görə, Od çərşənbəsindən sonra bahara doğru daha da yaxınlaşmış oluruq, Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir.

Ötən gün isə ABŞ-də xristianlar üçün mühüm dini günlərdən biri olan kül çərşənbəsi qeyd edilib. Hətta ABŞ-ın dövlət katibi Marko Rubio ictimaiyyət qarşısına alnında küllə çəkilmiş xaç işarəsi ilə çıxıb.

Kül Çərşənbəsi xristian dünyasında Pasxa bayramına aparan 40 günlük orucun – Böyük Orucun başlanğıcını qeyd edən gündür. Bu gün əsasən katoliklər və bəzi protestantlar tərəfindən xüsusi ayinlərlə qeyd olunur. Adətən, bu gün xristianlar kilsələrə gedərək ibadət edir və keşişlər onların alınlarına müqəddəs küllə xaç işarəsi çəkirlər.

Bu ayin simvolik məna daşıyır və insanın fani olduğunu, günahlardan təmizlənməyin vacibliyini vurğulayır. Xristian inancına görə, bu kül insana "Torpaqdan yarandın, torpağa dönəcəksən" fikrini xatırladır. Eyni zamanda, bu gün insanları tövbəyə, günahlarını etiraf etməyə və mənəvi təmizlənməyə çağırır. Kül Çərşənbəsi eyni zamanda insanın həyatında sadəlik və təvazökarlıq prinsiplərini ön plana çəkir.

Bu günlə başlayan 40 günlük Böyük Oruc dövründə dindarlar ətdən, süd məhsullarından və bəzən digər yeməklərdən imtina edirlər. Bu müddət ərzində xristianlar daha çox ibadət edir, xeyirxah işlər görməyə çalışır və mənəvi dünyalarını saflaşdırmağa fokuslanırlar. Kül Çərşənbəsi əsasən katolik ölkələrdə geniş şəkildə qeyd olunur, lakin bəzi pravoslav və protestant icmalarında da bu ənənəyə rast gəlinir.

Seçilən
17
modern.az

1Mənbələr