AZ

Balıq bişirmənin incə sirrlərini kəşf edin

Balığın ləzzətli və dadlı olması üçün onu düzgün seçmək və düzgün bişirmək vacibdir. Balığı seçərkən ən əsas amil onun təzəliyidir. Təzə balıq parlaq rəngə, canlı gözlərə və al-qırmızı qulaqlara sahib olmalıdır. Əks halda, balıq köhnəlmiş ola və dərisi pul-pul tökülə bilər.

 

Pravda.az balığın düzgün bişirilmə qaydalarını təqdim edir:

 

Balıq bişirərkən istifadə olunan əsas metodları qızartma, buğulama, qaynatma, buxarda bişirmə, sobada, təndirdə bişirmədir. Hər bir balıq növü üçün uyğun bişirmə metodu seçmək vacibdir.

 

Sobada balıq

Soba ilə bişirmə üçün ideal temperatur 160-250 dərəcə arasındadır. İstər bölünmüş, istərsə də bütöv balıqlar sobada bişirməyə uyğundur. Soba bişirmə üsulu müxtəlifdir. Sobada balığı az miqdarda maye ilə və ya tərəvəzləri balığın altına və üstünə yerləşdirmək üsulu ilə bişirə bilərsiniz.

 

Qızartma balıq

 

Balığı qızartmaq üçün kərə yağı və ya duru yağ istifadə edilə bilər. Duru yağda qızartdıqda balığın yalnız 2/3 hissəsi yağla örtülməlidir. Kərə yağında isə balıq yüksək temperaturda qızardılmalıdır. Qızartma prosesinin uğurlu olması üçün yağın temperaturu mütləq 165 dərəcədən yüksək olmalıdır. Balığın xarici tərəfi xırtıldayan və qızılı rəngdə olmalıdır. Un, suxari istifadə edərək balığı daha da xırçıltılı vəziyyətə gətirmək olar.

 

Buxarda balıq

 

Bu üsul ən sağlam bişirmə metodlarından biridir. Buxarda bişirildikdə balığın rəngi və forması qorunur, eyni zamanda qida dəyəri də saxlanılır. Buxarda bişirmək üçün geniş bir qaba su qoyub onu qaynatmaq lazımdır. Daha sonra üzərinə deşikli qab və ya xüsusi buxar qabı qoyularaq balıqlar həmin qabda bişirilir.

 

Balıq buğulaması

 

Yumşaq ətli balıqlar buğulama üçün ən ideal seçimdir. Buğulama prosesində balığı qapaqlı qabda bişirmək lazımdır. Buğulama zamanı balığa müxtəlif tərəvəzlər, souslar və ədviyyatlar əlavə etmək mümkündür.

 

Balıq bişirərkən diqqət edilməli əsas nüanslar:

 

Balığı təmizləyərkən mətbəx masası üzərinə kağız sərin ki, ətraf təmiz qalsın.

Balığın pulunu bıçaqla deyil, qaşıqla təmizləyin.

Balığı bişirmədən əvvəl yaxşıca yuyun və duzlayın, sonra isə 10-15 dəqiqə süzülməyə qoyun.

Balığı qızdırılmış yağda bişirin. Yağın hazır olduğunu anlamanın asan yolu isə tavaya bir dilim çörək atmaqdır, əgər çörəyin ətrafında qabarcıqlar əmələ gəlirsə, yağ hazırdır.

Balıq qoxusunu aradan qaldırmaq üçün əllərinizi limonlu su ilə yuyun.

 

Balıq bişirərkən bu səhvləri etməyin:

 

Balığı uzun müddət soyuducuda saxlamayın.

Təmizləmə zamanı küt bıçaqdan istifadə etməyin.

Hər balığa limon əlavə etməyi vərdiş halına gətirməyin.

 

Xatırlatma: Balığın bişirilməsi asan görünə bilər, amma düzgün üsul və diqqət tələb edən prosesdir. Bu qaydalara riayət edərək, mükəmməl və ləzzətli balıqlar hazırlaya bilərsiniz.

 

Əminə Bayramova

Tarix: 6 Mart 2025, 13:59   
Seçilən
27
1
pravda.az

2Mənbələr