AZ

Ülviyyə Qarayeva: Qrant müsabiqələrində şəxslər deyil, QHT layihələri qiymətləndirilir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- 2025-ci il üzrə Agentliyin elan etdiyi qrant müsabiqələrinin nəticələri nə vaxt elan olunacaq?

- Nəticələr sabah elan olunacaq. Bu dəfə Azərbaycan QHT tarixində bir elan çərçivəsində ən yüksək sayda layihə təklifi daxil olan müsabiqə vəziyyəti qeydə alınıb. Bu, ötənilki rekordu da geridə qoyub. Agentliyin 2025-ci il üzrə qrant müsabiqələrinə 915 təşkilat müraciət edib. 100-ə yaxın müraciət ilk dəfədir. Ümumiyyətlə, son 2 ildə əvvəllər heç vaxt Agentliyin qrant müsabiqələrində iştirakı nəzərdən keçirməmiş 200-ə yaxın QHT-nin müsabiqələrə qatıldığını müşahidə edirik. Bu, bizim üçün adi statistika deyil, Nazirlər Kabinetinin müəyyən etdiyi tam yeni qaydalarla ikinci ildir ki, təşkil olunan müsabiqələrin şəffaf və ədalətli olmasının, işimizə olan ictimai etimadın göstəricisidir. Təbii ki, həm də böyük məsuliyyət deməkdir. Agentlik QHT-lərin ictimai faydalılığının stimullaşdırılması, dövlət tərəfindən qarşıya qoyulan məqsəd və vəzifələrin icrası üçün əzmlə çalışır. Qürurla deyə bilərik ki, 2024-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyi 19 dövlət proqramı üzrə 63 tapşırığın icrasına məsul olub və qiymətləndirmə üzrə publik hüquqi şəxslər arasında rekord nəticələrdən birini nümayiş etdirib.

- Budəfəki müsabiqə nəticələrini əvvəlki ildən fərqləndirən nələrdir?

- İlk növbədə, layihələrin keyfiyyəti xeyli yüksəlib. Plagiat layihələrin sayı əhəmiyyətli dərəcədə azalıb. QHT-lər layihələrin tərtibinə çox ciddi yanaşıblar. Layihələrdə büdcə şişirtmələrinin də azaldığını müşahidə edirik. Hamı üçün artıq aydındır ki, maliyyə ekspertizası dərindən aparılır, Agentliyə bununla bağlı şantaj, hədə və digər qanunazidd əməllərlə təsir göstərmək, sosial mediada qaralama, ləkələmə kampaniyası aparmaq, hay-küy salmaqla dövlət büdcəsindən vəsait qoparmaq mümkün deyil. Daxil olmuş hər bir layihə bir neçə mərhələdən ibarət ekspertizadan keçirilib, layihənin bütün üstün və mənfi cəhətləri detallarına qədər təhlil olunub, müstəqil ekspertlərin qiymətləndirmələri əsas götürülməklə, hərtərəfli kollegial müzakirələrdən sonra Müşahidə Şurası yekun qənaətə gəlib.

- 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli”dir. Bu il bu mövzuda layihələrə prioritet verilibmi?

- Bəli. Ümumiyyətlə, elan olunmuş müsabiqədə mövzu kateqoriyalarından biri Azərbaycan Respublikasının istiqlaliyyətinin, ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlilinə dair təşəbbüslər, şəhid ailələri və müharibə iştirakçıları, veteranları ilə iş, onlar üçün hüquqi və psixoloji xidmətlərin təşkili idi. Qərara alınıb ki, “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” kateqoriyası üzrə bütün qalib layihələr “Konstitusiya və Suverenlik İli”nə həsr edilsin. İl ərzində Agentlik 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq, çoxsaylı tədbirlər icra edəcək. Bundan başqa, ideoloji təhlükəsizlik, hibrid təhdidlərə qarşı mübarizə, iqlim dəyişmələrinin fəsadları ilə mübarizə, COP29-un qlobal mirası, Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, mina və itkinlər problemi, sağlam və təhlükəsiz həyat tərzinin təbliği, erkən nikah, məişət zorakılığı, insan alverinə qarşı mübarizə, həssas qruplarla iş, milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər 2025-ci il üzrə əsas istiqamətlərdir.

- Müraciətlər daha çox hansı qrant növünədir, əsas tendensiyalar nələrdir?

- Müsbət haldır ki, tələbləri daha çətin olan orta və böyük qrant növü üzrə müsabiqələrə bu dəfə müraciətlər nisbətən artıb. Ancaq hələ də QHT-lər müsabiqə şərtləri daha yumşaq olan kiçik qrant növünə müraciət etməyə üstünlük verirlər – bu dəfə 518 layihə təklifi kiçik qrant növü üzrə olub. Düşünürük ki, QHT təmsilçiləri ümumi biliklər tələb edən asan mövzulara qaçmamalı, QHT-lərin profillərinə uyğun olaraq, intellektual əmək, spesifik bilik tələb edən istiqamətlərdə daha çox təşəbbüslə çıxış etməlidir. Bəzən komik hallarla üzləşirik. QHT-nin adını çəkməyəcəm, ictimai birliklərdən biri guya “elmdə bilinməyən”, özü də təsvirini vermədiyi ideyaları yaymaq üçün 15 min manatlıq qrant layihəsi təqdim edib, layihənin hədəf qrupu isə “dünya” göstərilib. Bu layihə 100 ballıq qiymətləndirmə üzrə müstəqil ekspertlərin hamısı tərəfindən “0” bal alıb. Təbii ki, bu cür layihələr, ümumiyyətlə, müstəqil ekspertlərin qiymətləndirmələrində zəif nəticə göstərən layihələr maliyyələşdirilmir. Əvvəlki illərdə QHT-lərin sənədli film çəkməsi az qala, dəb halında idi. Bəzi hallarda kino, yaradıcılıq işindən xəbərsiz təsadüfi şəxslər mobil telefon kameraları ilə “sənədli film” çəkdiklərini iddia edir, hətta tələb edirdilər ki, onlara əlavə vəsait ayrılsın ki, həmin qeyri-peşəkar məhsulların xarici ölkələrdə nümayişini təşkil etsinlər. Bu cür yararsız məhsullar təbii ki, heç kimə lazım deyil. Bu dövr də qapanıb. Əvəzində Agentliyin donorluğu ilə peşəkar komanda işinin nəticəsi olan, kino tənqidçilərinin müsbət rəylərini alan yüksək keyfiyyətli sənədli filmlər ortaya çıxmaqdadır.

- 2024-cü ilin qrant müsabiqələri çərçivəsində icra edilən layihələri ilboyu mediadan geniş izlədik. Layihələrin icrası prosesinin monitorinq nəticələri necədir?

- Ötən il bəzi layihələrin icra planlarına uyğun yerinə yetirilməməsi, düzgün hədəf auditoriyasının seçilməməsi, qeyd edilən tədbirlərin vaxtında keçirilməməsi, tarixlərin dəyişdirilməsinin Agentliklə koordinasiya edilməməsi halları müşahidə edilib. Layihələrin hesabatı zamanı öhdəliklərin tam yerinə yetirilmədiyi hallar müəyyən olunursa, təyinatı üzrə xərclənməyən vəsait qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə geri qaytarılır. 2023-cü illə müqayisədə 2024-cü ildə bu cür hallar 2 dəfə azalıb, QHT-lərin maliyyə intizamı, öhdəliklərinin icra səviyyəsi yüksəlib. Bəzən məqsədli şəkildə belə şayiələr yayırlar ki, guya geri qaytarılan vəsaitdən Agentlik işçilərinə mükafat yazılır və ya bu vəsait digər həvəsləndirmə tədbirlərinə sərf olunur, ona görə də Agentlik guya çalışır ki, mütləq maliyyə pozuntusu aşkarlasın – bu, həqiqətəuyğun deyil. Agentliyin məqsədi odur ki, layihələr kağız üzərində və ya dırnaqarası dəyirmi masa ətrafına yığışaraq bir neçə məsələni müzakirə edib, fotolar paylaşmaqla yekunlaşmasın. Agentlik üçün layihələrin əsas keyfiyyət göstəriciləri ölçüləbilən nəticələri, hədəf auditoriyasına təsir səviyyəsi, səbəb olduğu dəyişikliklərdir.

- Bəzən eşidirik ki, QHT-lər Agentlik tərəfindən tədbirlərin foto və video çəkilişlərinin aparılmasına ayrılan maliyyədən narazılıq edirlər. Bu barədə nə deyə bilərsiniz?

- Bu barədə müraciətlər bizə də daxil olub, düşünürük ki, bu iradlar haqlıdır. Bu dəfə QHT tədbirlərinin foto və videolarının peşəkar çəkilişləri üçün ayrılan vəsait artırılıb. İnanırıq ki, bu imkan QHT-lərin layihələrinin icrasını ictimaiyyətə daha keyfiyyətli təsvirlərlə çatdırmalarına kömək edəcək. QHT-lərin icra etdikləri layihələrdən əldə olunan foto və videoları, press-relizləri Agentliyin rəsmi saytında, sosial media səhifələrində yaymaq üçün açıq desəm, çox əziyyət çəkirik. Çünki bəzən icra olunan olduqca gözəl bir işdən mobil telefonlarla qeyri-peşəkar çəkilmiş keyfiyyətsiz təsvirlər daxil olur və ya media üçün təqdimat mətni çox səthi hazırlanır. Bu, bizi də çətin vəziyyətdə qoyur. Bəzən tədbirlərin ən maraqlı anlarından kadrlar çəkilmir. Məsələn, ötən ilin yayında azad edilmiş ərazilərin birində açıq havada yerli əhali ilə ilanlardan qorunmaq, onlarla qarşılaşdıqda davranış qaydaları üzrə QHT-lərdən biri təlim keçən zaman təsadüfən təlim ərazisində ilan görünüb. QHT-nin işə cəlb etdiyi ixtisaslı mütəxəssislər həmin ilanı tutaraq xüsusi konteynerə yerləşdiriblər, bütün proses də əyani şəkildə iştirakçılara izah olunub. Ancaq biz həmin anların təsvirlərinə baxmaq istədikdə, məlum oldu ki, görüntülər yararlı deyil, ən maraqlı anlar buraxılıb. QHT-lərdən xahişimiz budur ki, peşəkar foto və videoçəkiliş işinə bu ildən çox diqqətlə yanaşsınlar. Biz donoru olduğumuz bütün layihələrdən Agentliyin resurslarında təsvirlər və mətn yaymağa hazırıq, ictimaiyyətin haqqıdır ki, icra olunan layihələrdən xəbərdar olsun, lakin bunun üçün bizə təsvirlər və mətn vaxtında, keyfiyyətlə daxil olmalıdır. Ona görə də bu ildən Agentlik foto və videotəsvirlər üçün konkret texniki tələblər müəyyən edib. Çəkilişlər həmin tələblərə uyğun aparılmalıdır.

Seçilən
111
13
aznews.az

10Mənbələr