"Mən Okan Burukun səviyyəsinə enmərəm. Bəzən ona cavablar verirəm, sonra öz-özümdən soruşuram: "Joze, bunu niyə etdin?" Hansı səbəbdən o səviyyəyə endin?"
Offsideplus.az xəbər verir ki, bu sözləri Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo deyib.
Fevralın 24-də Türkiyə Superliqasında "Qalatasaray"la derbidəki (0:0) xoşagəlməz hadisələrdən sonra ilk dəfə irqçilik ittihamlarına münasibət bildirən portuqaliyalı çalışdırıcı məyus olduğunu gizlətməyib: "Onlar mənə hücum etməklə, ağıllı davranmadılar. Çünki keçmişimi bilmirdilər. Afrika ilə, Afrikadakı insanlarla, futbolçularla, xeyriyyə təşkilatları ilə olan əlaqələrimi bilmirdilər. Buna görə də hər şey bumeranq kimi özlərinə qayıtdı".
Mourinyo bir çox insanlardan dəstək aldığını söyləyib: "Hamı mənim necə insan olduğumu bilir. Pis cəhətlərim var, amma irqçilik ora daxil deyil. Bu, səhv ittiham oldu. Məni sevən, sevməyən mənə dəstək verdi. Xüsusilə keçmiş futbolçularım fəallıq göstərdilər".
Qeyd edək ki, Mourinyo "Qalatasaray"ın baş məşqçisi Okan Burukun ünvanına dediyi "Texniki zonada meymun kimi tullanırdı ifadəsinə görə, 4 oyunluq diskvalifikasiya olunmuşdu. Daha sonra onun cəzası 2 matça endirilmişdi.