AZ

Azərbaycan və Türkiyə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır- Turan Rzayev- ÖZƏL

Martın 5-də  Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışı keçirilib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Türkiyə nəhəng enerji layihələri reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, TANAP kimi boru kəmərləri Avrasiyanın enerji xəritəsini dəyişib və Azərbaycanın qaz ixracı 25 milyard kubmetrə çatıb. Yeni layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək, qaz Türkiyə üzərindən svop şəklində Naxçıvana ötürüləcək.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Azərbaycan enerji strategiyası ilə Avropanın etibarlı tərəfdaşı kimi mövqeyini gücləndirir:
"Rusiya -Ukrayna müharibəsi başladıqdan sonra Avropada ciddi bir enerji böhranı yaşandı. Rusiyaya tətbiq edilən sanksiyalar və Rusiyanın qaz asılılığından xilas olmaq üçün  Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı alternativ ölkələrə müraciət edirlər. Bu ölkələrdən biri də Azərbaycandır. Azərbaycan bu məsələdə Avropa İttifaqının ən etibarlı tərəfdaşlarından biridir. Rəsmi Bakı hələ müharibə illəri dövründə iki meqalayihəni icra etdi. Söhbət TAP və TANAP  layihələrindən gedir. Bu gün Azərbaycan Avropa bazarında əsas enerji oyunçularından biridir. Nəql etdiyimiz qaz əvvəlki illərdə o qədər də çox deyildi. Ümumilikdə 12-15 milyard kubmetrə yaxın qaz nəql etsək də, bunun təkcə 7-8 milyardı Türkiyənin payına düşürdü. Yəni Avropaya istədiyimiz səviyyədə enerji ötürə bilmirdik. Amma Azərbaycanın Türkmənistanla əldə etdiyi saziş, paralel şəkildə ötürücü qabiliyyətin artırılması, digər ölkələrlə imzalanan sazişlər nəticəsində, qeyd olunduğu kimi 25 milyard kubmetrə qədər qazancı artıra bildik. Hədəf əlbəttə ki, 50 milyarddır. Bunun üçün də alternativ ölkələrlə ortaq sazişlərin imzalanması gündəmdədir. İğdır-Naxçıvan qaz kəmərinin əsas önəmi Naxçıvanın qaz təsisatının və təhlükəsizliyinin təminatıdır. Məlumdur ki, İranla son illərdə yaşanan neqativ hallar, xüsusən İranın tutumu Bakının Naxçıvanla bağlı gələcəyi düşünməsini əsaslandırdı. Hazırda  Naxçıvana İran üzərindən qaz nəql edilir və bu istənilən halda təhlükəyə düşmək deməkdir. Bu vəziyyətə görə Azərbaycan daha alternativ və daha təhlükəsiz bir yola-Türkiyə üzərindən Naxçıvana qazın nəqlinə yönəlib. Beləliklə Naxçıvanın qaz təhlükəsizliyi məsələsi birdəfəlik həll olur. Son illərdə Azərbaycanın və Türkiyənin İraq kürd bölgəsinə münasibətləri çox yaxşıdır. İraqla münasibətlərin yaxşı olmağı gələcəkdə Mosul və Kərkük qaz yataqlarından çıxarılan qazın eyni qaydada  TAP layihəsinə qoşulması və Avropa bazarına çıxarılma məsələsi də aktualdır. Bu  Azərbaycanın arzuladığı səviyyədə Avropa bazarına qaz nəql etməsini də asanlaşdıracaq. Rəsmi Bakı və Ankara bu məsələyə  strateji yanaşır və ortaq qərarlar qəbul edirlər. Rusiya örnək göstərdi ki,  Avropanı enerji ilə təminatını ödəyən ölkələr həm də Avropa üzərində müəyyən nüfuz və təsir imkanı da yarada bilir. Rəsmi  Bakı və Ankarada bu yolla Qərb qarşısında ciddi bir fürsət əldə etmiş olacaqlar. Qərbə qarşı bir təzyiq vasitəsi kimi yox,  qərbdən təzyiqlərin bloklanması baxımından müsbət tendensiya kimi qiymətləndirilə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
42
olaylar.az

1Mənbələr