AZ

Travma və zorakılıq gələcək nəsillərə təsir edə bilər

BAKI, TurkicWorld

Zorakılıq və travmanın genetik təsirlərini araşdıran yeni bir tədqiqat, bu təcrübələrin yalnız fərdlərlə məhdudlaşmadığını, eyni zamanda sonrakı nəsillərə də keçə biləcəyini göstərib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, beynəlxalq tədqiqat qrupu ailəsində zorakılıq və travma keçmiş insanların, bu hadisələrə birbaşa məruz qalmamış olsalar belə, narahatlıq və depressiya kimi ruhi xəstəliklərə daha çox meylli olduqlarını müəyyən edib.

Tədqiqatçılar 1982-ci ildə Suriyanın Həma şəhərində və 2011-ci ildə silahlı qiyam zamanı anaları hamilə olan 48 ailədən üç nəsil fərdləri araşdırıb.

Bu ailələrdən 131 nəfərin hüceyrə nümunələri təhlil edilib və epigenetik dəyişikliklər aşkar olunub.

Epigenetik dəyişikliklər – DNT ardıcıllığını dəyişmədən genlərin fəaliyyətinə təsir edən kimyəvi modifikasiyalardır.

Araşdırmada zorakılığa məruz qalan ailələrin nəsillərində 14 fərqli gen bölgəsində dəyişikliklər müəyyən edilib. Bu dəyişikliklərdən səkkizi üçüncü nəsilə – nəvələrə keçib.

Tədqiqatçılar bu fərdlərdə epigenetik qocalmanın sürətləndiyini və bunun yaşla bağlı xəstəliklərin riskini artırdığını aşkar ediblər.

Bundan əlavə, Suriya vətəndaş müharibəsi qurbanlarında zorakılıqla əlaqəli 21 gen bölgəsində epigenetik dəyişikliklər müşahidə olunub.

Tədqiqatı aparan Florida Universitetinin antropoloqu Connie Mulligan, travma təcrübələrinin gələcək nəsillərə təsir göstərə biləcəyini vurğulayıb.

“Bu tapıntılar yalnız müharibə və münaqişə mühitləri ilə məhdudlaşmır. Məişət zorakılığı, cinsi zorakılıq və silahlı hücumlar da genetik izlər buraxa bilər”. - deyə o bildirib.

Mulliganın fikrincə, bu cür araşdırmalar cəmiyyətləri daha empatik olmağa təşviq etməli və siyasətçilərin travma qurbanlarına dəstək siyasətlərini inkişaf etdirməsinə kömək etməlidir.

Seçilən
26
turkic.world

1Mənbələr