AZ

ICAO AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Qazaxıstanın ilkin hesabatını yüksək qiymətləndirib

Astana, 6 mart, AZƏRTAC

Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika Bürosunun direktoru Nikolas Rallo ilə görüş keçirib.

AZƏRTAC Qazaxıstan Respublikasının Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, Kanat Bozumbayev Qazaxıstanla əməkdaşlıq məsələlərində göstərdiyi davamlı dəstəyə görə ICAO-ya minnətdarlığını bildirib və müstəqil ekspert Tormodur Tormodssonu “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğradığı yerə vaxtında göndərdiyinə görə təşəkkür edib.

O deyib: “Hökumətimiz adından bizə göstərdiyiniz davamlı köməyə, o cümlədən təşəbbüslərimizə verilən dəstəyə görə şəxsən sizə səmimi minnətdarlığımızı bildirmək istərdim. Bu təhqiqatı tam başa çatdırmaq üçün biz ICAO ilə əməkdaşlığı davam etdirəcəyik”.

Baş nazirin müavini qeyd edib ki, təyyarə qəzasının baş verdiyi ilk günlərdən Qazaxıstanın diqqəti obyektiv və hərtərəfli araşdırmaya yönəlib.

Öz növbəsində, Nikolas Rallo “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqatla bağlı Qazaxıstan tərəfindən qısa müddətdə aparılmış və dərc edilmiş ilkin hesabatı yüksək qiymətləndirib. O vurğulayıb: “Mən Qazaxıstanı və bütün təhqiqat komissiyasını fəlakətdən 1,5 ay keçməmiş bu ilkin hesabatı tamamlamağa imkan verən səylərinə görə tərifləmək istərdim. Sizi təhqiqat prosesi boyu Beynəlxalq Mülki Aviasiya Konvensiyasına davamlı şəkildə tam riayət etməyə çağırıram”.

Aktauda baş verən təyyarə qəzasının təhqiqatı üzrə yekun hesabat Çikaqo Konvensiyasına uyğun olaraq bu ilin sonuna qədər dərc olunacaq.

Xatırladaq ki, AZAL-a məxsus və ötən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
52
1
azertag.az

2Mənbələr