BAKI, TurkicWorld
İsrailli ekstremistlər ravvin və siyasətçi Yehuda Qlikin rəhbərliyi altında Qüdsdəki Əl-Əqsa məscidinə basqın ediblər.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Fələstinin rəsmi WAFA agentliyi basqının İsrail polisinin himayəsi altında həyata keçirildiyini və israilli qrupların məscidin həyətində dini ayinlər icra etdiklərini bildirib.
Qüds Valiliyindən yayımlanan açıqlamada vurğulanıb ki, onlarla işğalçı yəhudi Qlikin rəhbərliyi ilə Əl-Əqsa məscidinə daxil olub və dini mərasimlər icra edib.
“Bu basqınlar müsəlmanların suverenliyini pozur”, – deyə Qüds İslam Vəqfləri İdarəsi bildirib.
Xatırladaq ki, 1994-cü ildə İsrail və İordaniya arasında imzalanan sülh müqaviləsinə əsasən, Əl-Əqsa məscidi Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir.
Lakin 2003-cü ildən İsrail birtərəfli qərarlarla yəhudilərin polis müşayiəti ilə məscidə daxil olmasına icazə verir.
İsrail hökuməti “Məscidül-Əqsada yalnız müsəlmanlar ibadət edə bilər, digər dinlərin nümayəndələri isə ziyarət edə bilər” deyə status-kvonun qorunduğunu iddia edir.
Buna baxmayaraq, fanatik yəhudi qrupları İsrail polisinin qoruması altında məscidə daxil olaraq ibadət edir və dini ayinlər icra edir.
Bundan əlavə, israillilər “Süleyman məbədinin xarabalıqları”nın Əl-Əqsanın altında olduğunu iddia edərək, kompleksdə qazıntı işləri aparırlar.