AZ

Vətən müharibəsi iştirakçısı: Dağ xizəyi üzrə çıxışlarım əlilliyi olan insanlar üçün yaxşı stimul olacaq

Bakı, 6 mart, AZƏRTAC

“Milli Paralimpiya Komitəsi sosial şəbəkə hesabımda olan videolarımdan sonra mənə yarışlarda iştirak etmək üçün təklif göndərdi”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Paralimpiya Komitəsi tərəfindən dağ xizəyi idman növünə cəlb olunan Vətən müharibəsinin iştirakçısı Polad Rzayev deyib.

O, Azərbaycanı gələcək yarışlarda təmsil edəcəyi üçün qürur duyduğunu bildirib: “Daha əvvəl həvəskar şəkildə alpinizimlə məşğul olmuşam. Hətta xarici ölkələrdə də bu sahə üzrə özümü sınamışam. Etimadı doğrultmağa çalışacağam. Martın 15-də Beynəlxalq İdman Federasiyasının Avstriyada təşkil edəcəyi dağ xizəyi turnirində “Giant slalom” növündə mübarizə aparacağam. Düşünürəm ki, mənim çıxışlarım əlilliyi olan insanlar üçün yaxşı stimul olacaq”

İdmançı, həmçinin “Şahdağ” Turizm Mərkəzinin və Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə böyüklər arasında keçirilmiş həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kubokunda da gücünü sınayıb.

P.Rzayevin yarışlara hazırlığı və beynəlxalq turnirlərdə iştirakı üçün Milli Paralimpiya Komitəsi ilə Azərbaycan Qış İdman Növləri Federasiyası arasında qarşılıqlı əməkdaşlıq qurulub.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) ehtiyatda olan zabiti Polad Rzayev “Azərbaycan bayrağı”, “Şücaətə görə” ordenlərinə, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.

Seçilən
115
1
azertag.az

10Mənbələr