AZ

Rusiya ilə yaxınlaşmağa görə ABŞ-yə kəşfiyyat məlumatlarının verilməsi azaldıla bilər

ABŞ-nin bəzi müttəfiqləri, o cümlədən İsrail, Səudiyyə Ərəbistanı və "Beş göz" kəşfiyyat alyansının üzvləri (Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya) Vaşinqtona ötürülən kəşfiyyat məlumatlarının həcminin azaldılması imkanını nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.

Buna səbəb Donald Tramp administrasiyasının Rusiyaya qarşı barışdırıcı münasibətidir. Müttəfiqlər məxfi məlumatların sızması və bunun kəşfiyyat şəbəkələrinin təhlükəsizliyinə təhdid yarada biləcəyi ehtimalından narahatdır.

"Artıq bu müzakirələr aparılır", - müzakirələrin gedişatı ilə bilavasitə tanış olan mənbə bildirib.

Lakin mənbələrin sözlərinə görə, heç bir qərar qəbul edilməyib və tədbir görülməyib.

Böyük Britaniya, Kanada və İsrail rəsmiləri ABŞ ilə əməkdaşlıqlarının möhkəm olduğunu bildirsələr də, bəzi Qərb rəsmiləri qeyd edirlər ki, Trampın siyasəti strateji qarşılıqlı fəaliyyətin dəyişməsinə səbəb ola bilər. Xüsusilə Ukraynaya kəşfiyyat yardımının dayandırılması və Rusiyaya qarşı kiberəməliyyatların zəifləməsi narahatlıq doğurur.

ABŞ kəşfiyyatının keçmiş əməkdaşları da administrasiyanın Meksikada narkotik kartellərinə qarşı mübarizəyə üstünlük verərək Rusiya haqqında məlumatların toplanmasını azalda biləcəyindən narahatdırlar. Bununla əlaqədar ABŞ və müttəfiqləri arasında kəşfiyyat əməkdaşlığının strukturunda mümkün dəyişikliklər müzakirə olunur.

Seçilən
28
report.az

1Mənbələr