AZ

Naxçıvan-İğdır qaz boru kəməri layihəsi Azərbaycan-Türkiyə strateji əlaqələrinin gücləndirilməsinin parlaq nümunəsidir - ŞƏRH

Bakı, 6 mart, AZƏRTAC

Cənubi Qafqazın təhlükəsizlik arxitekturası özünəməxsus xüsusiyyətlərə malikdir. Bu region yalnız coğrafi baxımdan deyil, həm də geosiyasi və geostrateji aspektdən qlobal aktorların maraq dairəsindədir və təkcə qonşu dövlətlər üçün deyil, bütövlükdə Avrasiya qitəsi üçün strateji əhəmiyyət daşıyan məkandır. Burada maraqların kəsişməsi, güc balansının dəyişkən dinamikası, təhlükəsizlik sisteminin formalaşması regional və qlobal siyasətin ayrılmaz hissəsidir. Təhlükəsizlik arxitekturasını formalaşdıran dövlətlər yalnız bu regionun deyil, həm də digər bölgələrin siyasi, iqtisadi və hərbi nizamına təsir etmək imkanına malikdirlər. Tarix boyu Cənubi Qafqazda müxtəlif güc mərkəzlərinin maraqları toqquşub, zaman-zaman regional qüvvələr balansı dəyişib. Bugünkü reallıqda isə regionda sabitliyin əsas qarantlarından biri Azərbaycan ilə Türkiyə arasındakı strateji tərəfdaşlıq, qardaşlıq və müttəfiqlik münasibətləridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva söyləyib.

Y.Hacıyeva qeyd edib: “Mübaliğəsiz demək olar ki, regionda təhlükəsizliyin əsas sütunlarından biri Azərbaycan dövlətinin siyasi iradəsi, Azərbaycan Silahlı Qüvvələrinin gücü və Ali Baş Komandanın qətiyyətli siyasətidir. Bu kontekstdə Türkiyə Azərbaycanın yalnız strateji tərəfdaşı deyil, eyni zamanda, qardaş hesab etdiyi dövlətdir.

Martın 5-6-da Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri və İğdır-Naxçıvan qaz boru kəmərinin açılışı münasibətlərin daha da gücləndirilməsi baxımından mühüm tarixi hadisədir. Bu layihə yalnız enerji təhlükəsizliyi ilə məhdudlaşmır, həmçinin Azərbaycanla Türkiyənin regional və qlobal enerji strategiyasının vacib elementlərindən birinə çevrilməyi hədəfləyib”.

Qeyd edilib ki, SSRİ dönəmində formalaşan enerji təchizatı sisteminə əsasən, Naxçıvana qaz nəqli İran vasitəsilə həyata keçirilirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra cənub qonşusu ilə xoşməramlı münasibətləri qoruyub saxlamaq məqsədilə bu təchizat prosesini davam etdirdi. Lakin son illərdə dövlətimizin enerji strategiyası yeni reallıqlar və milli maraqlar əsasında formalaşdırılıb. Bu strategiyanın əsas məqsədi yalnız ölkənin enerji təhlükəsizliyini təmin etmək deyil, həm də strateji tərəfdaşlarının enerji tələbatını qarşılayaraq, regional güc mövqeyini daha da möhkəmləndirməkdir. İğdır-Naxçıvan qaz boru kəməri bu strategiyanın mühüm tərkib hissəsidir. Layihə Azərbaycanın suveren enerji siyasətinin göstəricisi, həmçinin Türkiyə ilə strateji əlaqələrin gücləndirilməsinin parlaq nümunəsidir.

Yeganə Hacıyeva vurğulayıb ki, Azərbaycan və Türkiyə prezidentlərinin İğdır-Naxçıvan qaz boru kəmərinin açılışında videobağlantı formatında iştirakı Naxçıvanın enerji təhlükəsizliyinin tam təmin edilməsi istiqamətində atılmış fundamental addımdır. Azərbaycanın hazırkı dövr üçün Naxçıvanla birbaşa sərhədinin olmadığı bir zamanda bu layihəni yalnız iqtisadi aspektdən deyil, həm də regional təhlükəsizliyin möhkəmləndirilməsi kontekstində qiymətləndirmək mütləqdir. İki ölkə rəhbərlərinin boru kəmərinin açılışında iştirakı və bu çərçivədə müzakirə olunan məsələlər strateji əməkdaşlığımızın perspektivlərini müəyyənləşdirən mühüm amillərdəndir.

“Sözsüz ki, tərəfdaşlığımız təkcə enerji sahəsi ilə məhdudlaşmır, siyasi, iqtisadi və təhlükəsizlik aspektlərini də əhatə edərək, hər iki ölkənin qlobal miqyasda güclənməsinə töhfə verir. Gələcəkdə bu əməkdaşlığın daha da genişlənməsi və yeni strateji layihələrin həyata keçirilməsi regional sabitlik və inteqrasiyanın inkişafı baxımından həlledici amil olacaq”, - deyə o qeyd edib.

Seçilən
31
3
azertag.az

4Mənbələr