AZ

Azərbaycanla Türkiyə arasında olduqca perspektivli əməkdaşlıq sistemi qurulub  - Elşad Mirbəşir

Yazını böyüt
Yazını kiçilt

“Türkiyə ilə Naxçıvan arasında kommunikasiya əlaqələrinin qurulması, genişləndirilməsi hər şeydən öncə Azərbaycan və Türkiyə münasibətlərinin xarakterindən xəbər verir. İki qardaş ölkə arasında münasibətlər davamlı olaraq inkişafdadır. Bu, təkcə siyasi münasibətlər deyil, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir”.

Bunu hafta.az-a açıqlamasında professor Elşad Mirbəşir bildirib.

Onun sözlərinə görə, nəqliyyat, logistika sahəsində Azərbaycanla Türkiyə arasında olduqca perspektivli əməkdaşlıq sistemi qurulub. Ermənistan isə lap başlanğıcdan Zəngəzur dəhlizinin açılmaması üçün əlindən gələni edib və bu gün də bu mövqeyini davam etdirməkdədir:

“Paşinyanın “sülh qovuşağı” ideyası ilə çıxış etməsi Zəngəzur dəhlizi layihəsinin qarşısı almağa yönəlmişdi. Ermənistan Zəngəzur dəhlizi üzərindən Azərbaycanı vaxtilə şantaj etməyə cəhdlər göstərirdi. Biz o zaman İranın ərazisindən keçməklə Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqəsinin qurulması haqqında razılaşma imzaladıq. Bu gün də Ermənistan yenə də kənardan aldığı təlimatlarla regionda kommunikasiyaların açılmasını əngəlləyir. Bir neçə gün öncə Ermənistanın Baş naziri Paşinyan aşkar riyakarlıqla bildirdi ki, Ermənistan tərəfdən Azərbaycanın özünə nəqliyyat kommunikasiyaları və iqtisadi layihələr açıq olduğu halda, Azərbaycan tərəf oxşar addım atmadı. Sözsüz ki, bu cəfəng yanaşmadır, heç bir əsası yoxdur. Paşinyan həmişə olduğu kimi yenə də öz ampluasındadır və regionda gərginlik elementlərinin qalması üçün əlindən gələni etməkdədir. Sözsüz ki, burada bəlli dairələrin, regiondan kənar yerləşən dövlətlərin təlimatları aydın müşahidə olunmaqdadır. Çünki Paşinyan rejimi regiondan kənarda yerləşən qüvvələr tərəfindən formalaşdırılıb. Ona görə də Paşinyan özlərinin maraqlarına cavab verəcək addımlar atmır, kənar dairələrin maraqlarının müdafiəsi ilə məşğuldur. Hesab edirəm ki, Paşinyan hər şeydən öncə gələcək üçün və Azərbaycana qarşı hərəkət imkanlarını sınayır. Bu da ümumilikdə regionla bağlı kənar güclərin regionda gərginlik elementləri yaratmaq istəkləridir”.

E.Mirbəşir bütün bunlarla yanaşı Azərbaycanın priventiv addımları ilə Ermənistan və havadarlarının bəd niyyətlərini beşiyindəcə boğduğunu deyib:

“Yəni biz Naxçıvanın sürətli inkişafını, onun əlaqələrinin genişləndirilməsi və təchizat bazarlarının etibarlı təmin olunmasını Türkiyə ilə sıx əlaqələrin qurulması ilə təmin etməkdəyik. Bu baxımdan hesab edirəm ki, Türkiyə vasitəsi ilə Naxçıvana elektrik, qaz xətlərinin, nəqliyyat logistika imkanlarının yaradılmasının daha da inkişaf etdirilməsi Azərbaycanın bu bölgəsinin də sürətli inkişafının əsasını təşkil edir. Sözsüz ki, bütün hallarda Azərbaycanın qərb rayonları ilə, Naxçıvan arasında etibarlı, təhlükəsiz nəqliyyat əlaqəsini quracağıq. Düşünürəm ki, bundan təkcə Azərbaycan deyil, bütün region çox böyük iqtisadi dividentlər əldə edəcək. Zəngəzur dəhlizi gələcəkdə Cənubi Qafqaz regionunda mövcud olan nəqliyyat-logistika şəbəkəsinin olduqca vacib strateji əhəmiyyət kəsb edən bir komponentinə çevriləcək”.

Seçilən
19
hafta.az

1Mənbələr