Azərbaycan yığmasının sabiq futbolçusu Abdulla Abatsiyevin Rusiyanın paytaxtı Moskvada həbs olunması xəbərinə onun son vaxtlara qədər formasını geyindiyi "Fight Nights" klubunun rəsmiləri münasibət bildiriblər.

Offsideplus.az xəbər verir ki, adıçəkilən klubun prezidenti Kamil Hacıyev baş verən hadisəyə görə məyusluğunu gizlətməyib.

"Bu, ilk növbədə Abdullanın özü üçün xoş deyil. Əgər onun günahını sübuta yetirsələr, bu, uzun müddətli həbs cəzasına səbəb ola bilər. Onu günahkar saymaq olmaz. İstənilən halda, bizim klubun bütün əməkdaşları ümid edirlər ki, hadisənin miqyası böyük olmayacaq", - deyə o bildirib.

Maraqlıdır ki, "Fight Nights"ın idman direktoru Dmitri Şişkov K.Hacıyevdən fərqli düşünür: "Aba" (Abdulla Abatsiyev - red.) futbolla qurtarıb. İndi ölkə qanunvericiliyini kobud şəkildə pozub. Hazırda elə bir yerdədir ki, bunun çox uzun çəkəcəyini hesab edirəm".

"Fight Nights" eyniadlı döyüş klubunun nəznində yaradılmış futbol komandasıdır. Abdulla Abatsiyev peşəkar futbolçu karyerasını başa vurduqdan sonra Rusiya MediaLiqasında məhz bu kollektivin formasını geyinib.

Qeyd edək ki, atası azərbaycanlı olan Abatsiyev 1993-cü ildə Rusiyanın Vladiqafqaz şəhərində doğulub. Futbolun sirlərini doğma şəhərində öyrənən yarımmüdafiəçi 2011-ci ildə Azərbaycana dəvət olunub. O, ölkəmizin U-17, U-19, U-21 yığmalarında oynadıqdan sonra əsas milli komandanın heyətində yeganə görüşünü 2015-ci ildə ABŞ-a qarşı keçirib. "Sumqayıt" (2011-2012-ci illər) və "İnter" (2012-2015-ci illər) klublarının da şərəfini qoruyan Abdulla 2015-ci ildə Azərbaycanı tərk edib.

Xatırladaq ki, bu ilin yanvarında saxlanılan Abatsiyev dələduzluqda ittiham olunur. İddialara görə, o, dələduzluq əməllərini həyata keçiən qruplaşmada kuryer funksiyasını yerinə yetirib. Moskvalı təqaüdçüdən 14 milyon rubl (təxminən 265 min manat) alarkən "tora düşən" futbolçunu 10 ilədək həbs cəzası gözləyir.