AZ

Gələn ay 100-ə yaxın ölkənin QHT-ləri Bakıda toplaşacaq

Gələn ay 100-ə yaxın ölkədən qeyri-hökumət təşkilatlarının iştirakı ilə Qlobal Cənub QHT Platformasının Bakıda təsis yığıncağı keçiriləcək.

QHT.az xəbər verir ki, bu barədə “report”a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva məlumat verib.


O bildirib ki, son vaxtlar Azərbaycan QHT-lərinin təşəbbüslərinə xarici QHT-lər tərəfindən güclü dəstək müşahidə edilir.

Ü.Qarayeva Qlobal Cənub QHT Platforması ideyasının COP29 dövründə yarandığını qeyd edib.

“Ötən il noyabrın 15-də COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransı keçirilib. Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb. COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinə açıq olan bəyanata 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal imza atıb”, – qurum rəsmisi əlavə edib.

Onun sözlərinə görə, dünya ölkələrinin 71 faizini əhatə edən regionlardan vətəndaş cəmiyyəti təsisatlarının Azərbaycan QHT-lərinin təşəbbüsünə dəstək ifadə etməsi ölkənin QHT tarixində ilk dəfə baş verib:

“Sonrakı dövrdə də xarici QHT-lər Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığını bəyan edib və Azərbaycanın bu prosesdəki rolunu təqdir edib”.

Seçilən
19
3
qht.az

4Mənbələr