Britaniya hökuməti Suriyanın 24 təşkilatının, o cümlədən ölkənin mərkəzi bankı və neft şirkətlərinin aktivlərini blokdan çıxarıb və sanksiyaların ləğvi ilə bağlı bildiriş dərc edib.
Sənaye Bankı və Suriya Kommersiya Bankı da daxil olmaqla 8 banka qarşı sanksiyalar ləğv edilib. Al Furat, Deyr Ez-Zur, Mahrukat, Ebla, General Petroleum Corporation (GPC), Overseas Petroleum Trading və Syria Trading Oil Company (Sytrol) neft şirkətləri qara siyahıdan çıxarılıb. Həmçinin Suriya Ərəb Hava Yolları və digər şirkətlərə qarşı sanksiyalar aradan qaldırılıb. Sənəddə deyilir ki, bu təşkilatlar artıq aktivlərin dondurulmasına məruz qalmır.
Hələ fevralın 13-də məlum olub ki, Britaniya hökuməti Ərəb Respublikasında hakimiyyət dəyişikliyi ilə əlaqədar Suriyaya qarşı sanksiyalar rejimini yumşaltmağa hazırlaşır. Lakin 2024-cü ilin dekabrında devrilmiş Bəşər Əsəd rejiminin üzvlərinə qoyulan məhdudiyyətlər qüvvədə qalacaq. Aİ daha əvvəl Suriyaya qarşı sanksiyaları yumşaltmağa hazır olduğunu bəyan etmişdi.
//Samir Qurbanov, Editor.az